Qeyri-mütənasib təkrarsiğorta
Sığorta hadisəsi baş verdikdə təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğin təkrarsığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan təkrarsığorta növü.
Qismən sığorta
Əmlakın sığorta dəyərindən aşağı məbləğdə sığortalanması. Sığorta müqaviləsi sığorta məbləğinin sığorta dəyərindən aşağı olmasını nəzərdə tutursa, sığorta hadisəsi baş verdikdə sığortaçının ödədiyi sığorta ödənişinin məbləği də sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində müəyyən edilir.
Qrup halında sığorta
Bir sığorta müqaviləsi ilə iki və ya daha çox sığorta predmetinin sığortalanması.
Retrosessiya
Təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi riskin başqa bir təkrarsığortaçıda təkrarsığorta etdirdiyi (başqa bir təkrarsığortaçıya ötürdüyü) hissəsi.
Retəkaful
Şəriət (İslam hüququ) prinsipləri əsasında həyata keçirilən təkrarsığorta.
Risk (sığorta risk)
Baş verəcəyi təqdirdə sığorta obyekti ilə bağlı itkilərə səbəb ola bilən, ehtimalla gözlənilən hadisə və ya hal.
Riyazi ehtiyatlar
Həyat və pensiya sığortası üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə sığortaçı tərəfindən formalaşdırılan, vəsaitlərin aktuar metodlar əsasında hesablanan miqdarı.
Sessiya
Sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin təkrarsığorta etdirdiyi (təkrarsığortaya ötürdüyü) hissəsi.
Sığorta
Müqavilə əsasında riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan mexanizm.
Sığorta dəyəri
Sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın həqiqi dəyəri – 1) əmlakın sığorta müqaviləsinin tərəflərinin razılığı ilə müəyyən edilən, zədələnmiş və ya məhv olmuş əmlakın bərpa edilməsi dəyəri (bərpa dəyəri); və ya 2) eyni növdə, cinsdə, vəziyyətdə və keyfiyyətdə olan əmlakın əldə edilməsi dəyəri (bazar dəyəri); 3) yaxud həmin əmlakın balans üzrə qalıq dəyəri.
Sığorta ehtiyatı
Sığorta ödənişlərini həyata keçirmək üçün sığortaçının öhdəliklərinin təminatı kimi formalaşdırdığı pul vəsaitlərinin hesablanmış miqdarı.
Sığorta hadisəsi
Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.
Sığorta haqqı
Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.
Sığorta haqqının hissə-hissə ödənilməsi
Sığorta haqqının hissələrə bölünərək sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə ilə müəyyən edilmiş tarixlərdə ödənilməsi.
Sığorta haqqının qaytarılması
Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta haqqının müvafiq hissəsinin sığortalıya qaytarılması.
Sığorta marağı
Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.
Sığorta müddəti
Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.
Sığorta müqaviləsi
Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.
Sığorta müqaviləsi
Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.
Sığorta müqaviləsinin qüvvəyə minməsi
Qanunvericilikdə ayrı hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi özündə nəzərdə tutulduğu andan qüvvəyə minir.
Siğorta müqaviləsinin yeni müddətə bağlanmasi
Eyni sığorta obyekti ilə bağlı əvvəl bağlanmış sığorta müqaviləsinin qüvvədən düşdüyü günün ertəsi qüvvəyə minən, eyni sığorta obyekti ilə bağlı eyni sığortaçı ilə yeni sığorta müqaviləsinin bağlanılması.