A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.
Misal:
Şəxs sığortaçı ilə evinin aşağıdakı risklərdən sığortalanması barədə müqavilə bağlayır: zəlzələ, leysan, su basması, ildırım vurması, daşqın, tufan və dolu. Bir müddət sonra leysan yağışı nəticəsində evə ciddi ziyan dəyir. Leysan sığorta şərtləri ilə nəzərdə tutulmuş risklərdən biri olduğu üçün, onun nəticəsində sığortalanmış evə ziyan dəyməsi faktı sığorta hadisəsi hesab edilir. Başqa bir şəxs öz avtomobili ilə bağlı mülki məsuliyyətini sığorta etdirir, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində digər avtomobillə toqquşur. Əgər yol-nəqliyyat hadisəsinin sığortalı şəxsin təqsiri nəticəsində baş verməsi müəyyən edilsə, bu zaman onun digər avtomobilin sahibinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi, yəni mülki məsuliyyəti yaranır. Şəxsin mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi hesab edilir və buna görə digər şəxsə vurulmuş zərərə görə sığorta ödənişi verilir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.19:
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 1 (4):
Sığorta hadisəsi (eng.–insured event) – sığortalanmış risklə səbəb əlaqəsində olan, baş verməsi ilə sığorta ödənişinin sığorta müqaviləsinə uyğun olaraq yerinə yetirilməsinə əsas olan hadisə.
|
|