A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta marağı

Sözün izahı

 

Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.

Əlavə izahat:

Əgər hər hansı bir şəxsin əmlakı, həyatı və ya mülki məsuliyyəti ilə bağlı qanuni marağı varsa, deməli o qeyd olunanları sığorta etdirmək hüququna malikdir. Bu cür maraq hüquqi terminologiyada “sığorta marağı” adlanır. Əksər hallarda sığorta alan şəxs həm müqaviləni bağlayan anda, həm də itki baş verdiyi vaxt sığorta marağına malik olmalıdır. Sığorta marağı o zaman mövcud olmuş sayılır ki, sığorta hadisəsi baş verəcəyi halda irəli sürülməsi ehtimal olunan tələb də qanuni olsun. Əgər şəxs hər hansı bir əşyanın salamat saxlanmasından və ya həmin əşyaya dəyən zərərin aradan qaldırılmasından faydalanırsa, bu halda deyə bilərik ki, onun bu əşyaya sığorta marağı var. Deməli, sığorta marağı şəxslə sığortanın predmeti arasında olan əlaqədir. Bu əlaqənin ən mühüm cəhəti isə onun qanuni olmasıdır. Yəni şəxsin oğurladığı əşyanın salamat qalmasında və ya ona dəyəcək zərərin aradan qaldırılmasında marağı ola bilər, lakin bu maraq qanunla tanınmadığı üçün sığorta marağı hesab edilmir. Ona görə də o oğurladığı əşyanı sığortalaya bilməz, sığortaçının bu əşyanın oğurluq olmasından xəbəri olmadan sığortalasa belə, həmin sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Yaxud da, bir şəxsin başqasının, hətta öz qardaşı olsa belə, avtomobili ilə bağlı sığorta marağı yoxdur, çünki həmin avtomobilin sahibi o deyil, başqasıdır. Əgər avtomobili icarəyə götürsə və ya etibarnamə ilə idarə etsə, bu zaman sığorta marağı yarana bilər.

Misal:           

Sığorta marağına aşağıdakıları misal göstərmək olar:

1) Şəxsin öz həyatına olan marağı; 2) Şəxsin öz həyat yoldaşının, valideynlərinin və uşaqlarının həyatına olan marağı; 3) Şəxsin öz işçilərinin həyatına olan marağı; 4) Şəxsin öz borclusunun həyatına olan marağı; 5) Şəxsin öz qəyyumunun və qəyyumluğunda olan şəxsin həyatına olan marağı; 6) Şəxsin öz əmlakına – evinə, avtomobilinə və s. olan marağı; 7) Girov saxlayanın (məsələn, bank və s.) və ya girov qoyanın girov predmeti olan əmlaka olan marağı; 8) Başqalarının əmlakını saxlayan şəxsin - saxlayıcının saxladığı əmlaka olan marağı; 9) Hər birimizin ehtiyatsız hərəkətlərimizə görə başqalarına vura biləcəyimiz zərərlərə görə məsuliyyətimiz və s. Deməli sığorta marağının mahiyyəti ondan ibarətdir ki, sığortaladığımız risk reallaşarsa, biz mütləq maddi zərər, başqa sözlə maliyyə zərəri çəkəcəyik. Dostumuzun və ya qonşumuzun avtomobilinin zədələnməsi və ya evinin yanması zamanı isə biz heç bir maddi zərərə məruz qalmırıq. Ona edəcəyimiz maddi yardım maliyyə marağından deyil, sırf insani hislərdən irəli gəldiyi üçün, qanunla sığorta marağı kimi tanınmır. Buna görə də biz dostumuzun və ya qardaşımızın avtomobilini və ya evini sığorta etdirə bilmərik.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

maddə 889.2. Sığorta marağının mövcudluğu qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı ilə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.

maddə 889.3. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.

maddə 889.4. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.

maddə 889.5. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil.

maddə 889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir.

maddə 889.7. Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005)”, səh. 35:

Sığorta marağı (eng.–insurable interest)– sığortalanmış riskin reallaşdığı halda ziyana məruz qalan maraq və ya sığorta vasitəsilə müdafiə oluna bilən fərdin maliyyə itkisinə məruz qalmasının mümkünlüyü.

Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 152-ci maddə:

Sığortalının digər şəxsin həyatını sığorta etdirdiyi sığorta müqaviləsi sığortalının həmin şəxsin həyatı ilə bağlı sığorta müqaviləsinin qüvvəyə mindiyi anda sığorta marağının olmaması halında etibarsızdır.

Sığortalının digər şəxsin həyatında sığorta marağının olması o halda hesab edilir ki, həmin şəxs

a) sığortalının arvadı, övladı və ya sığorta müqaviləsinin qüvvəyə mindiyi anda yetkinlik yaşına çatmayan himayəsində olan şəxsdirsə;

b) sığortalının işçisidirsə;

c) "a" bəndində nəzərdə tutulanlardan başqa, sığorta müqaviləsinin qüvvəyə mindiyi anda tam və ya qismən sığortalının asılı olduğu şəxsdirsə.

Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 1, bənd 2.

Sığorta marağı – sığortalanmış riskin yaranması  halında zərərə məruz qalmama marağı.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 930:

Əmlak sığorta müqaviləsi üzrə bu əmlakın qorunub saxlanmasına qanun, digər hüquqi akt, yaxud müqavilə ilə əsaslandırılmış marağa malik olan şəxsin (sığоrta оlunanın və ya faydalanan şəxsin) xeyrinə sığоrta etdirilə bilər.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 195, bənd 1:

Sığorta marağı olmadan bağlanan sığorta müqaviləsi etibarsızdır.