A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta

Sözün izahı

Müqavilə əsasında riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan mexanizm.

Misal:

Şəxs 50 000 manat məbləğində ipoteka krediti alır və həmin kreditin hesabına 65 000 manata aldığı mənzili kreditin təminatı kimi ipoteka, yəni girov qoyur. Bank ipoteka müqaviləsində ipoteka predmetinin, yəni mənzilin sığorta etdirilməsi tələbini qoyur. Buna görə  ipoteka qoyulan mənzil öz dəyərində (65 000 manat) “A” sığortaçıda sığorta etdirilir və sığorta müqaviləsində faydalanan şəxs kimi krediti verən bank göstərilir. Şəxs 3 il ərzində kreditin əsas borc üzrə 1 500 manat olan hissəsini ödəyir və bu zaman sığorta hadisəsi hesab edilən yanğın nəticəsində ipoteka qoyulmuş mənzil tamamilə yanır. Bu halda “A” sığortaçı 48 500 manat kredit qalığına bərabər məbləği sığorta ödənişi kimi faydalanan şəxsə — banka ödəyir. Qalan 16 500 manat isə müvafiq qaydada ipoteka qoyan şəxsə verilir. Sığorta haqqının ödənilməsi və bunun müqabilində sığorta hadisəsinin baş verməsi halında sığorta ödənişinin verilməsi üzrə bu cür münasibətlər sistemi sığorta adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.1:

Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.53:

Sığorta (eng.-insurance)– şəxsin böyük olmayan müəyyən məbləğ (sığorta haqqı) əvəzində böyük, qeyri-müəyyən maliyyə zərərinə (sığorta hadisəsinə) görə kompensasiya təminatı aldığı iqtisadi mexanizm.

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 2:

Sığorta (рус.–страхование) – fiziki və hüquqi şəxslərin ödədikləri sığorta haqları üzrə formalaşdırılan pul vəsaitləri hesabına müəyyən halların (sığorta hadisələrinin) baş verməsi zamanı onların əmlak mənafelərinin müdafiəsi üzrə münasibətlər sistemi.