Kreditinə zəmanət verilən 4 biznesdə defolt halı qeydə alınıb. Fond bunun üçün 500 min manata yaxın ödəniş edib

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi biznes kreditləri üzrə 4 defolt halı qeydə alınıb. Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimovun sözlərinə görə, kredit zəmanət portfeli üzrə portfel ümumilikdə sağlam olsa da, defolt halları da baş verə bilir.
"Fondun ənənəvi mexanizm çərçivəsində güclü anderrayter təhlil prosesi və kredit reytinq modeli var, yəni bank təhlilindən fərqli olaraq orta təhlil prosesi var. Bu səbəbdən də fondun keysindəki portfellər kifayət qədər sağlamdır. Qeydə alınan 4 defolt keysinə baxsaq, hamısı real keyslərdir, məsələn, yanğın baş verib, biznes yanaraq kül olub. Nümunə kimi götürsək digərləri də belə keyslərdir. Həmin keyslər üzrə ödənişləri tam təmin etmişik", - deyə o qeyd edib.
E.Kərimovun sözlərinə görə, defolt olmuş 4 şirkətə verilən zəmanət üzrə Fond 500 min manata yaxın ödəniş edib.