A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta müddəti

Sözün izahı

 

Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.

Misal:

Şəxs sığortaçı ilə 01 iyun 2011-ci il tarixdə 1 il müddətinə daşınmaz əmlak barəsində sığorta müqaviləsi bağlayır və həmin gün sığorta haqqını ödəyir. Burada 01 iyun 2011-ci il tarixdən 01 iyun 2012-ci il tarixədək olan müddət sığorta müddəti adlanır və sığortaçı yalnız sığorta müddəti ərzində baş verən sığorta hadisəsinə görə sığorta ödənişi etmək öhdəliyi daşıyır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 906:

İcbari sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

«Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli Qanunu, maddə 16:

Sığorta müqaviləsi bir il müddətinə bağlanılır. Sığorta məbləği sığortaçı tərəfindən tam ödənildikdən sonra müqavilə üzrə sığortaçının öhdəlikləri başa çatmış hesab olunmaqla müqaviləyə xitam verilir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2007), səh. 50:

Sığorta polisinin müddəti (eng.–policy period)– sığortanın qüvvədə olduğu bəzən dəqiq müəyyən edilmiş, bəzən isə qeyri-müəyyən müddət.

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il,

maddə 10: Əgər sığorta təminatının müddəti (eng.–length of the insurance cover) günlər, həftələr, aylar və ya bir neçə aylarla müəyyənləşdirilirsə, sığorta təminatı müqavilənin bağlandığı günün başlanğıcında qüvvəyə minir, müqavilə müddətinin axırıncı gününün sonunda qüvvədən düşür.

maddə 12: Sığorta haqqının daha qısa müddətə müəyyən edildiyi hallar istisna olmaqla, sığorta müddəti (eng.–period ofinsurance) bir ildir.

Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 25:

(1) Sığorta müqaviləsinin müddəti tərəflərin razılığı ilə, lakin 3 ildən çox olmayaraq, müəyyən edilir.

(2) Həyat və ya sağlamlıq sığorta müqaviləsinin maksimum müddəti məhdudlaşdırılmır.