A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta növü

Sözün izahı

 

Sığortaçı tərəfindən sığorta sinfi və ya sinifləri əsasında müəyyən sığorta qaydalarının hazırlanması yolu ilə müştərilərə təklif olunan sığorta məhsulu.

Misal və əlavə izahat:

Sığorta növünün izahını ilk növbədə sığorta bazarında təklif olunan ən geniş yayılmış könüllü sığorta növü – minik avtomobillərinin tam sığortası üzrə nəzərdən keçirək. Əksər sığorta şirkətləri qeyd olunan sığorta “məhsulu”nu müştərilərə təqdim edərkən, avtomobilin özünün sığortası ilə yanaşı, onunla başqa şəxslərə vurula biləcək zərərə görə məsuliyyətin sığortasını, habelə avtomobildəki sərnişinlərin fərdi qəza və ya tibbi sığortasını da əhatə etməyə çalışırlar. Beləliklə, avtomobilin tam sığortası növü bir neçə sığorta sinfinin – avtonəqliyyat vasitələrinin sığortası sinfi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası sinfi, fərdi qəza sığortası sinfi, tibbi sığorta sinfi— birləşməsindən “hazırlanmaqla” müştərilərə təqdim olunan sığorta məhsuludur. Lakin, sığorta növünün müştərilərə təqdim edilməsi, həmin növ üzrə müvafiq qaydaların, yəni bu növün həyata keçirilməsinin standart şərtlərinin əks olunduğu sənədin sığorta nəzarəti orqanı ilə razılaşdırılmasından sonra mümkündür. Ola da bilər ki, sığorta növü bir sığorta sinfindən təşkil olunsun. Məsələn, sığortaçı tibbi sığorta sinfi üzrə qaydalar əsasında tibbi sığorta növünü aparır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 16.1: Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.

maddə 16.2: Yalnız sığorta nəzarəti orqanından icazə aldıqdan sonra sığortaçı müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər.

maddə 16.3: Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar mövcud olmadıqda sığortaçı könüllü sığorta növünün aparılmasına icazə almaq üçün hazırladığı müvafiq sığorta qaydalarını sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır.

maddə 16.4: İcbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər sığorta qanunvericiliyi ilə müəyyən edilir.

maddə 16.5: Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 893.4.Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.

Beynəlxalq təcrübədən nümunə

Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 6,

bənd 5: Sığorta növü sığorta təşkilatı tərəfindən bir və ya bir-neçə sığorta sinfi əsasında hazırlanan və sığorta müqaviləsinin bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.

bənd 6: məzmunu və şərtləri Qazaxıstan Respublikasının icbari sığorta növünü tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilən hər bir icbari sığorta növü ayrıca sığorta sinfini təşkil edir.

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 3, bənd 4:

İcbari sığortanın şərtləri və həyata keçirilməsi qaydası icbari sığortanın konkret növləri haqqında federal qanunlarla müəyyən edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh. 7:

İcazə, hər bir sığorta sinfi üzrə alınmalıdır, istər sinif üçün olsun, istərsə də onun tərkibinə daxil olan müəyyən risk üçün. İcazə həmçinin bir neçə sinfi əhatə edən risklər qrupuna görə də verilə bilər. Məsələn, avtonəqliyyat vasitələrinin sığortasının aparılmasına verilən icazə fərdi qəza sığortası sinfinə aid olan “sərnişinlərə dəyən xəsarət” riskini də əhatə edir. Öz növbəsində bu sinif (fərdi qəza sığortası) də “yerüstü avtonəqliyyat vasitələri”, “daşınan mallar” və “yerüstü avtonəqliyyat vasitələri ilə bağlı məsuliyyət” risklərini də əhatə edir.