Azərbaycandakı Türk bankı mənfəət açıqladı. Aktivləri niyə azaldı? - HESABAT

Türkiyənin məşhur KOÇ Holding-ə daxil olan Yapı Kredi Bankın Azərbaycandakı törəməsi bu ilin yanvar-iyun ayları dövründə 4 milyon 881 min manat təmiz mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəki mənfəətlə müqayisədə 499 min manat çoxdur.
Qazandı və xərclədi
Əslində, Bankın mənfəəti üzrə rəqəmlərə diqqət yetirsək, gəlirlərində 4 milyon manatlıq bir artım var, lakin eyni zamanda Bankın xərcləri mütənasib şəkildə yüksəldiyindən gəlirləri xərclər silib. Bank ehtiyatlara 2 milyon 481 min manat vəsait ayırıb və 886 min manat mənfəət vergisi ödəyib.
Aktivləri niyə azaldı?
Sektor üçün vacib bir göstərici olan aktivlərin həcminə baxsaq, il ərzində 138 milyon 454 min manat həcmində azalma qeydə alınıb, bu isə 19% kiçilmə nəticəsində 591 milyon 908 min manata düşməsi ilə nəticələnib.
Aktivlərin azalmasına səbəb kimi nağd vəsaitlərin 185 milyon manat və öhdəliklərin 145 milyon manat azalmasını göstərmək mümkündür.
Aktivlərin özünün tərkibinə baxsaq, qiymətli kağızların bir qisminin satıldığını demək olar və buna baxmayaraq Bankın xalis kredit portfelində 66 milyon manat və ya 23 % həcmində böyümə müşahidə edilir. Bu isə yuxarıda qeyd etdiyimiz kimi kreditlər üzrə faiz gəlirlərində artıma imkan yaradıb.
Biznes kreditləri 234 milyon 378 min manat, istehlak kreditləri 94 milyon 488 min manat, ipoteka kreditləri isə 55 milyon 618 min manat həcmində olub.
Kredit portfelində problemik kreditlərin həcmi ötənilkindən 1,5% azalaraq 8.4%-ə düşüb.
Depozit hesabları kiçildi
Öhdəliklərdə azalmaya səbəb kimi fiziki və hüquqi şəxslərin bankdakı hesablarının “ərimə”sini demək olar. Çünki fiziki şəxslərin əmanətləri 9 milyon 262 min manat və ya 8,5%, hüquqi şəxslərin depozitləri isə 132 milyon 503 min manat və ya 31 % kiçilmə baş verib.
Bankın kapitalı 55 milyon 381 min manat, bölüşdürülməmiş mənfəəti isə 54 milyon 443 min manat təşkil edib. Məcmu kapitalı 105 milyon 186 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 10%-ə qarşı 20.42%-dir.