A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta məbləği

Sözün izahı

Sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi.

Misal:

Avtomobilin sahibi sığortaçı ilə müqavilə bağlayır və öz mülki məsuliyyətini sığorta etdirir. Bu sığorta üçün sığorta məbləği 10 000 manat müəyyən edilir. Hər hansı sığorta hadisəsi nəticəsində avtomobilə 3 000 manat zərər dəyərsə, sığorta ödənişi 3.000 manatdan artıq olmamalıdır. (Sığorta ödənişi dəyən zərərdən çox ola bilməz. Əks halda bu sığorta yox, zərərçəkənin gəlir əldə etməsi olar.) Eyni zamanda avtomobilə sığorta məbləğindən – 10 000 manatdan çox ziyan dəydikdə belə sığortaçının ödəyəcəyi maksimal məbləğ 10 000 manat qəbul edilir, çünki sığorta məbləği sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.15:

Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.15:

sığorta məbləği – icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddi.

Beynəlxalq təcrübədən nümunə

“Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Rusiya Federasiyasının Qanunu, maddə 10, bənd 1:

Sığorta məbləği (рус.–страховая сумма)– federal qanunla və ya sığorta müqaviləsi ilə müəyyən edilən, sığorta haqqının həcminin və sığorta hadisəsinin baş verdiyi halda sığorta ödənişinin məbləğinin həcminin müəyyənləşdirilməsinin asılı olduğu pul məbləği.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 203 (1):

Sığorta məbləği (eng.–insurance amount) əmlakın bərpa və ya həqiqi dəyərindən artıq ola bilməz.