A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta müqaviləsi

Sözün izahı

 

Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.

Misal:

Şəxs sığortaçı ilə mənzilinin sığortalanması barədə yazılı razılaşma imzalayır və tərəflər bu razılaşmada sığortalanan evin ünvanı, sığorta haqqı, sığorta obyekti, sığorta məbləği, sığorta riskləri, sığorta ödənişindən imtinanın əsasları və sığortanın digər mühüm şərtlərini, o cümlədən tərəflərin hüquq və vəzifələrini əks etdirirlər. Tərəflər arasında bağlanan bu cür yazılı razılaşma sığorta müqaviləsi adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.10:

sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.

AzərbaycanRespublikasının Mülki Məcəlləsi,

maddə 899.1: Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:

  • tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
  • müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
  • icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada.

maddə 900.2: İcbari sığorta müqaviləsinin bağlanması qaydası icbari sığorta qanunvericiliyi ilə müəyyən edilir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Maliyyə Hesabatlılığı Standartı-4, Əlavə A:

Sığorta müqaviləsi (eng.–insurance contract)– Bir tərəfin (sığortaçının) digər tərəfdən (sığortalıdan) gələcəkdə baş verə biləcək bəzi qeyri-müəyyən hadisələrin (sığorta hadisələri) ikinciyə mənfi təsirinin olacağı halda ona dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı əhəmiyyətli sığorta risklərini qəbul etməsinin təsbit edildiyi razılaşma.

Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu,

maddə 11, (1): Sığorta müqaviləsinin əsas məzmunu (Xəzinədarlıq) İdarə(si) tərəfindən müəyyən edilmiş və hər bir sığortaçı üçün eyni cür tətbiq edilən şərtlərə uyğun olaraq müəyyənləşdirilir. Lakin sığorta şirkətləri şəraitdən asılı olaraq xüsusi şərtlər müəyyən edə bilərlər. Belə halda xüsusi şərtlər aldadıcı olmamalı və müqavilədə “Xüsusi şərtlər” adı altında aydın şəkildə əks etdirilməlidir.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 184 (1):

maddə 183, (1): Sığorta müqaviləsi sığortaçının üzərinə sığorta haqqının ödənilməsi müqabilində müəyyən riskləri qəbul etmək və sığorta hadisəsinin baş verdiyi halda sığortalıya və ya faydalanan üçüncü şəxsə sığorta ödənişini və ya sığorta məbləğini vermək öhdəliyini qoyur.

maddə 184, (1): Sığorta müqaviləsi sığorta polisi və ya hər hansı digər yazılı əqd formasında bağlanmalıdır.