A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.
Misal:
Şəxs 50 000 manat dəyərində olan evini 1 illik sığorta müqaviləsi əsasında tam olaraq (50 000 manat sığorta məbləğində) sığorta etdirir. Sığorta müqaviləsində zəlzələ, subasma və yanğın nəticəsində evə dəyən hər bir zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi nəzərdə tutulur. Müqavilədə razılaşdırılır ki, 50 000 manat həddində olan bu cür sığorta təminatı müqabilində şəxs sığorta şirkətinə müqavilənin bağlanması zamanı 200 manat pul ödəməlidir. Şəxsin sığortaçıya ödədiyi bu vəsait sığorta haqqıdır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.14:
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.14:
sığorta haqqı – icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 50:
Sığorta haqqı (eng.–premium)–sığorta polisinə görə sığortalının ödəməyə razılaşdığı ödəmə və ya dövri ödəmələr.
Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 2-ci maddə, doxsan altıncı abzas:
Sığorta haqqı – sığortaçının sığorta polis üzrə üzərinə götürdüyü öhdəliklərə görə ona ödənilməli olan məbləğ.
Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 1, bənd 11:
Sığorta haqqı – sığorta müqaviləsində sığorta təminatı üçün nəzərdə tutulan ödəmə.
|
|