Azərbaycanın qeyri-neft ixracatının 50%-ni tutan on məhsulun dünya qiymətləri bahalaşıb
2021-ci il dünya əmtəə bazarlarında kəskin bahalaşma ilə yadda qaldı. Pandemiyanın təsirləri, onun təchizat zəncirində yaratdığı problemlər, daşımalardakı kəskin qiymət artımları mühüm səbəblər kimi baxıla bilər.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, amma qlobal pandemiyanın elan edilməsindən bir müddət sonra dollar indeksində enmələr müşahidə edilməyə başladı. Son 3 ilin (2018-ci ilin yayından hazırkı dövrə qədər) dinamikasına baxsaq, 2021-ci ildə dollar indeksi ən aşağı səviyyəyə düşdü. Yalnız son 2 ayda indeks yuxarı doğru meyllənməyə başlayıb.
Demək ki, dünya əmtəə bazarlarındakı bahalığa pandemiyanın neqativ təsirlərilə yanaşı dolların ucuzlaşması da öz təsirini göstərdi.
Gömrük statistikasından Azərbaycanın qeyri-neft ixracının da bu bahalanmadan öz payını götürdüyünü görmək olur.
Qeyri-neft ixracatının 50%-ni təmin edən 10 məhsulun əksəriyyətinin dünya bazar qiymətləri kəskin bahalaşıb. Məsələn, 2021-ci ilin on ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, məhsullar üzrə orta ixrac qiymətinin artımı aşağıdakı kimidir:
1. Metanol spirtinin orta ixrac qiyməti 2.2 dəfə artıb (hər ton üçün 105 dollardan 227 dollara)
2. Polietilenin orta ixrac qiyməti 2 dəfəyə yaxın artıb ((hər ton üçün təxminən 650 dollardan 1200 dollara yaxın)
3. Pambıq mahlıcının orta ixrca qiyməti 20%-ə yaxın bahalanıb (hər ton üçün 1340 dollardan 1580 dollara)
4. Poliproilenin orta ixrac qiyməti 50%-dən çox artıb (hər ton üçün 811 dollardan 1370 dollara)
Azərbaycanın qeyri-neft ixracında bu il müşahidə edilən yüksək artımda qiymət amilinin təsiri aydın görünür.
Amma növbəti il gözləntilərə uyğun olaraq FED monetar siyasətdə müəyyən sərtləşdirməyə getsə, "ucuz dollar"ın bahalandırdığı bazarların tədricən öz qiymətinə (dəyərinə) dönməsi reallığı da var...