BİZNES

Azərbaycan BƏƏ şirkəti ilə "ağıllı qaz" şəbəkəsilə bağlı müqavilə imzalayıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Esyasoft Holding” şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.

ENA.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması üzrə əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz”ın göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.

Layihə 2,5 milyon "ağıllı" sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon ABŞ dolları sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, ağıllı təzyiq və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların Hökumət buludunda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.

İstehlakçılar daha dəqiq hesablama, real vaxt rejimində istifadə monitorinqi, problemlərin sürətli həlli, uzaqdan xidmət və rəqəmsal platformalar vasitəsilə istehlak məlumatlarına asan çıxış kimi üstünlüklər əldə edəcəklər.

Ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində SOCAR-la “Esyasoft Holding” arasında imzalanmış əməkdaşlıq sazişinin davamı olan bu müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, "Azəriqaz"ın baş direktoru Azər Məmmədov və “Esyasoft Holding”in baş icraçı direktoru Bipin Çandra imzalayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)