Bank

"Ziraat Bank Azərbaycan" likvid və aşağı gəlirli aktivlərdən imtina edir - HESABAT

"Ziraat Bank Azərbaycan" ASC 2025-ci ilin yanvar-iyun aylarını 10 milyon 136 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 7 min manat və ya 24,7% çoxdur.

Faiz xərcləri 69 % artıb

Bankın Mənfəət-zərər hesabatına görə, hesabat dövründə maliyyə qurumunun ümumi faiz gəlirləri 13 917,0 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə (11 726,8 min manat) 18,67% artım göstərir. Faiz gəlirlərinin əsas hissəsini kreditlər üzrə əldə olunan gəlirlər təşkil edib. Belə ki, kreditlər üzrə faiz gəlirləri 10 795,5 min manatdır, bu da ötən dövrdəki 9 024,3 min manatla müqayisədə artıma işarə edir. Banklardakı depozitlərdən 1 317,4 min manat, qiymətli kağızlardan 563 milyon manat faiz gəlirləri əldə edib.

Hesabat dövründə maliyyə qurumunun qeyri-faiz gəlirləri ümumilikdə 5 031,5 min manat təşkil etmişdir ki, bu da əvvəlki dövrdə qeydə alınmış 3 609,3 min manat göstəricidən təxminən 39,4% çoxdur. 

Faizlərlə bağlı xərclər 6 397,7 min manat təşkil edib ki, bu da əvvəlki dövrdəki göstəricidən (3 784,9 min manat) 69 % çoxdur. Əsas faiz xərcləri isə depozitlər üzrə qeydə alınıb - 3 995,6 min manat (əvvəlki dövrdə – 3 012,5 min manat).

Hesabat dövründə maliyyə qurumunun vergilər ödənilənədək əldə etdiyi mənfəət 4 250,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrdəki 4 349,5 min manatla müqayisədə 2,3% azalma deməkdir. Bu cüzi azalma əsasən qeyri-faiz xərclərindəki artımla izah oluna bilər. Cari dövrdə mənfəətdən ödənilən vergilər 678,4 min manat təşkil edib.

Bank likvid və aşağı gəlirli aktivlərdən imtina edir

"Ziraat Bank Azərbaycan"ın ümumi aktivləri 909 242,08 min manatdır, bu ötən ilin sonu ilə müqayisədə (921 125,73 min manat) 11 883,65 min manat və ya təxminən 1,29% azalma deməkdir. Bu, bankın likvid və aşağı gəlirlilikli aktivlərdən (nağd vəsaitlər, nostro hesablar, Mərkəzi Bank hesabı) imtina edərək daha rentabelli aktivlərə – xüsusilə müştəri kreditlərinə yönəlməsi ilə əlaqəlidir. Müştəri kreditlərinin artımı bankın gələcək faiz gəlirlərini artırmaq potensialını göstərir.

Bu strategiya aktivlərin keyfiyyətinin yüksəldilməsi və daha çox gəlir gətirən sahələrə fokuslanmaq baxımından müsbət qiymətləndirilə bilər. Məsələn, Bankın nağd vəsaitləri 12 858,47 min manatdır, əvvəlki dövrlə müqayisədə 3 125,23 min manat və ya 19,6% azalıb. Bu, bankın likvid vəsaitlərini daha gəlirli sahələrə yönəltməsi ilə əlaqələndirilə bilər. Həmçinin Mərkəzi Bankda müxbir hesabında vəsaitlər 39 363,86 min manat olub, yəni 7,2% (3 050,38 min manat) azalma baş verib. Bu da yenə likvidlikdən istifadənin artdığını göstərir. "Nostro" hesabları üzrə vəsaitlər 67 120,87 min manatdan 30 035,06 min manata düşüb, yəni təxminən 55,3% azalıb. Bank xarici və ya digər banklardakı müxbir hesablarında olan likvid vəsaitləri daha gəlirli istiqamətlərə yönəltmiş ola bilər.

Aktivlərin əsas tərkibini tutan kredit portfeli 529 713,54 min manatdan 574 720,73 min manata qalxıb. Bu, 45 007,19 min manat və ya təxminən 8,5% artım deməkdir. Bu göstərici bankın əsas fəaliyyət sahəsi olan kreditvermənin genişləndiyini göstərir.

Maraqlı məqam: fiziki şəxslərin müddətli depozitləri artıb

Hesabat dövründə bankın ümumi depozit portfeli  472 158,56 min manat olub. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 93 495,93 min manat və ya təxminən 16,5% azalmadır. Azalma əsasən hüquqi şəxslərin tələbli depozitləri və fiziki şəxslərin ümumi depozitlərindəki dəyişikliklərlə bağlıdır.

Xüsusən də hüquqi şəxslərin tələbli depozitləri 255 494,49 min manatdan 179 386,11 min manata düşüb, yəni 76 108,38 min manat və ya təxminən 29,8% azalma baş verib. Fiziki şəxslərin müddətli depozitləri isə 160 271,11 min manatdan 176 419,88 min manata qalxıb. Bu, 16 148,77 min manat və ya təxminən 10,1% artım deməkdir. Maraqlı məqam odur ki, fiziki şəxslərin müddətli depozitləri artıb, yəni fərdi müştərilər bankla daha uzunmüddətli əməkdaşlığa üstünlük verməyə başlayıb.

Bu struktur dəyişiklikləri nəticədə bankın pul vəsaiti bazasında likvidliyin azalması olsa da, digər tərəfdən daha sabit və uzunmüddətli vəsaitlərin payının artması ilə nəticələnə bilər.

Bu, bank üçün həm çağırışlar, həm də imkanlar yaradır: bir tərəfdən likvidlik idarəçiliyində diqqətli olmağı tələb edir, digər tərəfdən isə uzunmüddətli maliyyələşdirmə imkanlarını genişləndirir.

Ümumilikdə hesabat dövründə bankın cəmi öhdəlikləri 771 307,59 min manat olub. Bu göstərici ötən ilin sonu ilə müqayisədə (787 589,92 min manat) 16 282,33 min manat və ya təxminən 2 % azalıb. Cəmi öhdəliklərin azalması bir tərəfdən bankın qısa və orta müddətli borc yükünün azaldığını göstərir, digər tərəfdən isə maliyyə bazarından və depozit müştərilərindən cəlb olunan vəsaitlərin azaldığını ortaya qoyur. Bu vəziyyət bankın maliyyələşmə strukturunda dəyişikliklərə səbəb ola bilər və gələcəkdə kapital bazası və ya digər alternativ maliyyələşmə mənbələrinin aktivləşdirilməsini zəruri edə bilər.

Kapital mövqeyini gücləndirir

Hesabat dövründə bankın cəmi kapitalı əvvəlki dövrə nisbətən artaraq 137 934,50 min manat olub (ötən ilin sonunda bu göstərici 133 535,81 min manat təşkil edirdi). Bu, 4 398,69 min manat və ya təxminən 3,29% artım deməkdir. Kapitaldakı bu artım bankın mənfəətliliyinin davam etdiyini və bölüşdürülməmiş gəlirlərin artırıldığını göstərir.

Nizamnamə kapitalı dəyişməyərək 65 500,00 min manat səviyyəsində qalıb. Bu, bankın hesabat dövründə əlavə səhmlər buraxmadığını göstərir. Bölüşdürülməmiş mənfəəti 61 296,19 min manata çatıb, bu da 3 572,18 min manat artım deməkdir (əvvəlki dövrdə 57 724,01 min manat idi). Təhlil aparsaq deyə bilərik ki, bank mənfəəti dividend şəklində paylaşmır, onu kapitallaşdırır və bu da bankın kapital mövqeyini gücləndirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)