Azərbaycan bank sektorunun "zəif bəndi": BTB zərər açıqladı - HESABAT

Ölkə bankları arasında hələki “zəif bənd”də olan Bank BTB 2025-ci ilin yanvar-iyun ayları üzrə 1 milyon 699 min manat zərər açıqlayıb. Ötən ilin eyni dövründə Bank 226 min manat mənfəət açıqlamışdı. Beləliklə, Bankın bölüşdürülməmiş zərəri 24 milyon 719 min manata yüksəlib.
ENA.az BTB-nin "Mənfəət-zərər" hesabatına istinadən xəbər verir ki, faiz və bu qəbildən olan gəlirləri ötən bir ildə 600 min manata yaxın artım nümayiş etdirib və cəmi 16 milyon manat olub. Bunun 15 milyon 345 min manatını verdiyi kreditlərdən qazanıb. Faizlər üzrə xərclər – 9 milyon 348 min manatdır. Müştərilərin depozitləri üzrə faizlərə 4 milyon 777 min manat ödəyib.
Bank xidmətlər və hesablar üzrə 3,324 min manat komisyon gəlirləri toplayıb. Əsas etibarilə inzibati xərclərin yaratdığı 7,392 min manat qeyri-faiz xərcləri olub. Nəticədə Bankın 2,546 min manat əməliyyat mənfəəti formalaşıb. Bunun 1,414 min manatını ehtiyatlara ayırıb. Lakin uçotdakı dəyişikliklərə əsasən 2 milyon 831 min manat əlavə xərc yaranıb və Bank ilin zərərlə tamamlamalı olub.
Kredit portfeli kiçilib
Bank BTB-nin aktivləri 366 milyon 259 min manatdan 364,211 min manata düşüb. Başqa sözlə aktivlər 0,5% və ya 2 milyon manat azalıb. Aktivlərin azalmasına əsas səbəb kredit portfelinin 3 milyon manatdan çox kiçilərək 273 milyon 585 min manatdan 270 milyon 722 min manata düşməsidir. Görünür ki, bank kredit verməyə müştəri qıtlığı çəkir və bu səbəbdən də nağd vəsaitləri, müxbir hesabı və digər banklara qoyduğu depozitlərinin həcmi artıb.
Depozitləri azalıb
Bankın cəmi öhdəlikləri 314 milyon 460 min manatdır. Ötən ilin eyni dövründə 313 milyon 617 min manat olub. Bankın müştəri hesablarında tələbli və müddətli depozitlərin həcmi 148 milyon 631 min manatdan 144 milyon 624 min manata düşüb. Bu müddətdə bank 3 milyon manat həcmində qiymətli kağız buraxaraq və əlavə 2 milyon manat kredit götürərək likvidliyini artırmağa çalışıb.
Bankın cəmi kapitalı 50 milyona çatmır
Bankın cəmi kapitalı 49 milyon 751 min manatdır. Məcmu kapitalı isə minimal 50 milyon tələbə qarşı 52 milyon 300 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı isə 10,5% həddə qarşı 21.5%-dir və etiraf edək ki, yaxşı göstəricidir.
Amma!
BTB-nin cəmi kapitalındakı hədd maraq doğurmaya bilməz. Bankın nizamnamə kapitalı 71 milyon 450 min manatdır. Hazırda bankın 24 milyon 719 min manat bölüşdürülməmiş zərərini nizamnamə kapitalından çıxsaq, belə çıxır ki, Bankın cəmi 46 milyon 731 min manat birinci dərəcəli kapitalı var. Bank bu göstəriciləri yaxşılaşdırmaq üçün ilk növbədə 3 milyon manat həcmində subordinasiya borcu götürüb. Eyni zamanda, 3 milyon manata yaxın ehtiyatları da əlavə edərək minimala yaxın məcmu kapital göstəricisini ortaya qoya bilib. Lakin nəzərə alaq ki, BTB bankın minimal tələb üzrə cəmi 2 milyon manatlıq bir buferi var, bu o deməkdir ki, qarşıdakı dövrdə kredit portfeli üzrə yarana biləcək hər hansı mənfi vəziyyət Bankın taleyini həll edə bilər.