"Azərsun"un satış gəlirləri azaldı. Təsisçilərin kapitalı isə artdı - HESABAT

"Azərsun Holdinq" MMC 2024-cü ili 43 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 58 milyon 312 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərsun Holdinq"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14 milyon 489 min manat və ya 24,8% azalıb. Xalis mənfəətin azalması gəlirlərin azalması ilə bağlıdır.
"Azərsun Holdinq" MMC və onun törəmə müəssisələri üzrə 31 dekabr 2024-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, Holdinqin əsas əməliyyat gəlirləri (satış) 2023-cü ildə 1 milyard 810 milyon 868 min manat olubsa, 2024-cü ildə 1 milyard 661 milyon 385 min manata düşüb. Yəni il ərizndə 149 milyon 483 min manat və ya 8,3% azalma baş verib.
Ötən il Şirkətdə satışın maya dəyəri 1 milyard 213 milyon 954 min manat, ümumi mənfəət 447 milyon 431 min manat olub.
Holdinq 2024-cü ildə 52 milyon 619 min manat digər gəlir də əldə edib, 2023-cü ildə 67 milyon 932 min manat idi.
31 dekabr 2024-cü il tarixində "Azərsun Holdinq" MMC 1 milyard 291 milyon 100 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 71 milyon 601 min manat cəmi aktivlərə malik idi. Beləliklə, aktivləri 20,5 faiz artıb.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 127 milyon manat olub. Ana şirkətin təsisçilərinə aid kapital isə 51 milyon manat yüksələrək 657 milyon manata çatıb.
Qeyd edək ki, 2001-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupu “Qarabağ” futbol klubunu himayəsinə götürüb.