"Xalq Bank"ın depozitləri azalır, Loro hesablarındakı vəsaitləri geri çəkir - HESABAT

2025-ci ilin birinci yarısında “Xalq Bank”ın xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7% azalıb. 2024-cü ildə 34.00 milyon manat olan xalis mənfəət, 2025-ci ilin ilk yarısında 26.62 milyon manata düşüb.
Mənfəəti niyə azalıb?
ENA.az xəbər verir ki, Bankın vergidən əvvəlki mənfəəti 35.85 milyon manat olub ki, bu 2024-cü ilin eyni dövründəki 41.57 milyon manatla müqayisədə 13.7% azalma deməkdir. Bu azalma əsasən iki amillə izah oluna bilər. Birincisi risklərin idarə edilməsi məqsədilə məqsədli ehtiyatların əhəmiyyətli dərəcədə artırılması müşahidə olunur, bu göstərici 1.13 milyon manatdan 7.26 milyon manata yüksəlib. İkinci amil əməkhaqqı və inzibati xərclərin artmasıda xərcləri yüksəldib.
Bununla yanaşı, mənfəət vergisi üzrə öhdəliklər artaraq 7.57 milyon manatdan 9.22 milyon manata çatıb – bu isə 21.8% artım deməkdir. Bu artım, ehtimal ki, əvvəlki dövrlərdən yığılıb qalmış mənfəət vergilərinin ödənişi və ya vergi bazasında dəyişikliklərlə əlaqədardır.
Faiz gəlirləri və faiz xərcləri artıb
2025-ci ilin ilk 6 ayı ərzində Xalq Bankın faiz gəlirləri 101.6 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9% artım (90.9 milyon manat → 101.6 milyon manat) deməkdir. Artım əsasən kreditlər üzrə faiz gəlirlərinin artması (61.7 milyon manatdan 73.6 milyon manata, yəni 19.4%) hesabına baş verib.
Qiymətli kağızlar və banklardakı depozitlər üzrə gəlirlərin də daxil olması gəlirin diversifikasiyasını göstərir. Belə ki, qiymətli kağızlardan 11.5 milyon manat, banklardakı depozitlərdən 12 milyon manat faiz gəliri əldə olunub.
Faiz xərclərində ən maraqlı məqam: depozitlər üzrə faiz xərcləri kiçilib
Faiz xərcləri 34.95 milyon manat olub və bu da əvvəlki (23.85 milyon manat) ilin göstəricisi ilə müqayisədə 46.5% artım deməkdir.
Ən maraqlı məqam isə depozitlər üzrə faiz xərclərinin həcmi ilə bağlıdır. Bu rəqəm 18.5 milyon manatdan 18.1 milyon manata düşüb. Fərq o qədər də ciddi olmasa da, bu, depozitlərin həcminin azalmasının göstəricisidir. Bankın qeyri-faiz gəlirləri 2025-ci ilin ilk yarısında ciddi şəkildə – 116% artaraq 12.2 milyon manatdan 26.4 milyon manata çatıb. Bu artım əsasən, komisyon gəlirlərinin artması (12.2 milyon → 14.2 milyon manat), valyuta əməliyyatlarından xalis gəlirin artması ilə bağlıdır (4.3 milyon → 6.2 milyon manat). Xarici valyuta aktiv və passivlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirlərin də (1.6 milyon → 3.9 milyon) bu artıma töhfə verdiyini görürük.
“Xalq Bank”ın qeyri-faiz xərcləri 2025-ci ilin ilk yarısında 49.9 milyon manat təşkil edərək əvvəlki dövrlə (44.5 milyon manat) müqayisədə 12.4% artıb. Ən böyük artım 23.2% ilə əməkhaqqı və kompensasiya xərclərində baş verib və 21.2 milyon manatdan 26.1 milyon manata qalxıb.
Kredit portfeli kiçilib
2025-ci ilin ilk yarısında Xalq Bankın cəmi aktivləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 11.2% artaraq, 3.09 milyard manatdan 3.44 milyard manata yüksəlib. Bu, bankın balansının genişləndiyini və fəaliyyət miqyasının böyüdüyünü göstərir.
Bununla yanaşı, xalis kredit portfeli 2.5% kiçilərək 1.89 milyard manatdan 1.84 milyard manata enib. Kreditlərdəki bu azalma bir neçə səbəblə izah oluna bilər, bunların arasında kredit riski səbəbilə ehtiyatlı kreditləşmə siyasəti, müştəri tələbatının azalması və ya daha sərt kredit şərtləri, daha çox likvid və təhlükəsiz alətlərə yönəlmək.
Qiymətli kağızlar üzrə yatırımlar da 35% azalaraq 336 milyon manatdan 219 milyon manata düşüb. Bu, bankın daha az riskli və daha yüksək likvidlik təmin edən alətlərə məsələn, banklararası qısamüddətli alətlər və ya nağd vəsaitlərə üstünlük verdiyini göstərir.
Nəticə etibarilə, nağd vəsaitlərin həcmi (64.9 mln) və banklararası qısamüddətli maliyyə alətləri (440 milyon manat) əhəmiyyətli dərəcədə artıb. Bu göstəricilər likvidlik mövqeyinin gücləndirildiyini, yəni bankın qısa müddətli öhdəliklərini rahatlıqla yerinə yetirə biləcək vəziyyətdə olduğunu göstərir.
Depozitləri azalır, Loro hesablarındakı vəsaitləri geri çəkir
2025-ci ilin ilk yarısında depozitlər üzrə baza ciddi şəkildə daralıb və 2.16 milyard manatdan 1.83 milyard manata düşərək 14.8% azalma qeydə alınıb. Bu azalma müştərilərin vəsaitlərini çıxarması, rəqabətli faiz dərəcələri təklif etməməsi, ümumi iqtisadi vəziyyət və biznesin aktivliyi ilə bağlı ola bilər.
Əvəzində, bankların və digər maliyyə institutlarının depozitləri 100 milyon manatdan 200 milyon manata yüksəlib və bu 100%-lik bir artım deməkdir. Bu, bankın institusional tərəfdaşlardan daha çox vəsait cəlb etdiyini və depozit strukturunu dəyişdirdiyini göstərir.
Loro hesablarının həcmi isə 67.3 milyon manatdan 17.6 milyon manata düşərək 73.9% həcmində kəskin azalma göstərir. Bu, xarici banklar və ya müxbir əlaqələr üzrə öhdəliklərin azaldığını və ya vəsaitlərin çıxarıldığını göstərir.
2025-ci ilin ilk yarısında Xalq Bankın kapital mövqeyi stabil və güclü qalıb. Xüsusi kapitalı 507 milyon manat, nizamnamə kapitalı 415.6 milyon manat, bölüşdürülməmiş xalis mənfəəti 91.4 milyon manatdır. Belə çıxır ki, Bank mənfəəti bölüşdürmək əvəzinə kapitalı gücləndirməyə çalışır ki, maliyyə sektorundakı tənzimləyici tələblərə cavab vermək iqtidarında olsun. Bankın aktivləri artır, amma kredit və qiymətli kağız portfeli azalır – bu, daha konservativ, likvid yönümlü mövqedən xəbər verir.
Bu yanaşma bankın uzunmüddətli dayanıqlılığa önəm verdiyini, qısamüddətli mənfəət artımından daha çox kapitalın və likvidliyin qorunmasını üstün tutduğunu göstərir.