Sabah Azərbaycanda rekord isti gözlənilir - HAVA PROQNOZU (17.07.2025)

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olanda açıq şəraitli iş yerlərində işlər dayandırılmalıdır.