BİZNES

"Ən ucuz xidmət haqqı təklif etdiyimiz ölkələrdən biri Azərbaycandır”

Bir sıra ölkələrdə yol-nəqliyyat hadisələri zamanı nəqliyyat vasitələrinə dəymiş zərərin müəyyən edilməsi üçün sığorta şirkətləri müxtəlif şirkətlərlə əməkdaşlıq edirlər. Həmin şirkətlərin sığorta şirkətlərinə təqdim etdiyi proqram vasitəsilə yol-nəqliyyat hadisəsi zamanı ortaya çıxan zərəri dəqiqləşdirmək üçün vahid yanaşma və qiymətləndirmə sistemi tətbiq edilir. Nəticədə zərərlər bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndirilir və hansı sığortaçının seçilməsindən asılı olmayaraq qiymətləndirmə eyni yanaşma əsasında həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən belə şirkətlərdən biri də “Audatex Azerbaijan” şirkətidir.

 

Azərbaycanda avtomobillərə dəyən ziyanın məbləğini avtomatik hesablayan “Audatex” sisteminin tətbiqi sığorta bazarının inkişafında hansı imkanları yaratdığı haqda “Audatex Azerbaijan” MMC-nin direktoru Daşdəmir Niftəliyev müsahibəsində danışdı: 

 

- “Audotex” şirkəti Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən hansı inkişaf yolunu keçib və hazırda hansı sığorta şirkətləri ilə əməkdaşlıq edir?

 

- Hazırda Azərbaycan üzrə İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətlərinin bir neçəsi istisna olmaqla hamısı ilə müqaviləmiz var. Bunlar 11 sığorta şirkətidir. 2015-ci ildən sonra İSB-ə əlavə iki şirkət də qoşuldu. Bu, “Qala Sığorta” və “Günay Sığorta” idi. Yeni qoşulan sığorta şirkətləri ilə hələ ki, müqaviləmiz yoxdur. Amma gələcəkdə onlarla da müqavilə bağlanması planlaşdırılır. Bu şirkətlərlə müəyyən danışıqlar da aparmışıq. Ötən ilin avqust ayından etibarən ölkədəki lider sığorta şirkətlərinin biri ilə pilot layihə həyata keçiririk. Nəticələr müsbət olduğu üçün layihənin vaxtını bir az da uzatmışıq. Bir neçə aydan sonra bu şirkətlə tam fəaliyyətə başlayacağıq. Hazırda müəyyən testlər keçirilir. 

 

Bizim üçün müqavilə bağlamaqdan daha çox sığorta şirkətlərinin bizim dəyərimizi anlamaları maraqlıdır. Şirkətimiz 1966-cı ildən fəaliyyət göstərir. Azərbaycanda isə 2015-ci ildə açılıb. İllik 50 milyard ABŞ dolları dəyərində dövriyyəsi, 55 min işçisi var. 90 ölkədə fəaliyyət göstərir. Onu demək istəyirəm ki, bu gün hansısa bir sığorta şirkəti ilə müqavilə bağlayıb, sabah isə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün həmin şirkətlə münasibətləri pozmaq bizim üçün mənasızdır.

 

Bizi Azərbaycana 2014-cü ildə Dövlət Sığorta Nəzarəti Xidməti dəvət etmişdi. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə də yaxın əməkdaşlığımız yarandı. Bu vaxta qədər bizi ehtiyyat hissələrin tədarükçüsü və ya elektron bazasının formalaşdırılması üzrə peşəkarlaşmış bir şirkət kimi görürdülər. İndi isə biz yeni şirkətlərlə müqavilə bağlamaqdan daha çox bu baxışı dəyişdirməyə səy göstəririk və buna müəyyən qədər nail olmuşuq. Bu baxış bucağı dəyişəndən sonra fəaliyyətimizdə əhəmiyyətli yeniliklər olacaq.

 

Artıq sığorta bazarı üzrə tənzimləyici orqan Mərkəzi Bankdır. Biz də Mərkəzi Bankla öz işimizi yenidən formalaşdırmağa çalışırıq. Çünki bundan əvvəl “Audotex”ə bir o qədər diqqət verilmədi. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi var.”Audatex”in də Azərbaycana dəvəti məhz həmin birbaşa tənzimləmə ilə əlaqədardır. O vaxt bizə dedilər ki, 2015-ci ildə artıq qaydalar qüvvəyə minəcək, “Audatex” də öz gəlirini əldə edəcək və dövlətdən hər hansı dəstəyə, zəmanətə ehtiyac qalmayacaq. Artıq 2020-ci ildir, amma qaydalar hələ də təsdiqlənməyib. “Audatex”ə verilən zəmanət müddəti də 2019-cu ildə bitib. Bizim İSB ilə müqaviləmizə əsasən ilk 4 il zəmanət müddəti kimi qəbul olundu. Qərara alındı ki, bizim biznesimiz istədiyimiz formada inkişaf etməzsə növbəti üç ili yenidən müzakirələrə başlayaq. Hadisələr elə cərəyan etdi ki, yenidən struktur dəyişikliyi oldu və bu müddəti artıra bilmədik. İndi biz Mərkəzi Bankla həmin danışıqları bərpa etmək istəyirik.

 

- Bəzi sığorta şirkətləri “Audatex” sistemi vasitəsilə təyin edilən qiymətlərin baha olduğunu iddia edirlər. Onlar bildirir ki, nəqliyyat vasitəsinin hər hansı bir hissəsinin təmiri üçün özləri tanıdıqları ustaya fərdi şəkildə müraciət etsələr “Audatex”in təqdim etdiyi qiymətdən daha ucuz qiymətə razılaşa bilərlər. Bu səbəblə də bəzi şirkətlər bu sistemdən istifadənin sərfəli olmadığını qeyd edirlər. Bu həqiqi vəziyyəti əks etdirirmi?

 

- “Audotex” heç vaxt hər hansı bir işin baha və ya ucuz olduğunu demir. Sadəcə həmin işi görmək üçün tələb olunan vaxt barədə məlumat verir. Məsələn, hansısa nəqliyyat vasitəsinin istənilən ehtiyyat hissəsinin sökülüb quraşdırılması dünya standartlarında vaxtamuzd hesablanır. Servisə gedərkən işin neçə saat çəkəcəyi bildirilir və ona uyğun həmin ustanın “əl haqqı” müəyyən edilir. Azərbaycanda bu məlumatı əldə etmək mümkün olmadığı üçün insanlar işəmuzd çalışırlar. Bizdə, tutalım, hər hansı bir detalın sökülüb-quraşdırılması və ya rənglənməsinin 100 manat olduğu deyilir. Amma nəzərə alınmır ki, “Land Cruiser”lə “Kia Picanto”nun eyni detalının rənglənməsi xərci fərqli olmalıdır. 

 

Azərbaycanda bütün servis mərkəzləri sığorta şirkətlərinə həmişə eyni qiyməti tətbiq edirlər. Belə olan halda sığorta şirkəti ilə servis mərkəzi öz mənfəət və ya zərərini bilmir. “Audotex” bu məsələni beynəlxalq dataya əsaslanaraq tənzimləyir. Yəni bu sistem hər hansı bir detalın üzərində neçə saatlıq iş görülməli olduğunu istehsalçıların özlərinin verdiyi məlumatlara əsasən bildirir. Sığorta şirkəti isə həmin detalın təmirinin bir saatına görə servislə nə qədər məbləğ ödəməyi razılaşıbsa onu da ödəyir. Tutalım, sığorta şirkəti servislə hər hansı bir detalın təmiri üçün 1 saata 30 manat ödəməyi razılaşıb. Bu zaman həmin servisə 30 manat, digər servislə 35 manata razılaşıbsa ona 35 manat ödəyir. Yəni qiymət məsələsi sırf sığorta şirkəti ilə servis arasında olan razılığa əsaslanıb. “Audotex” heç vaxt özü qiymət müəyyən etmir. Sadəcə normanı və müddəti insanlara çatdırır. Hər hansı bir detalın sökülüb-quraşdırılması Azərbaycanda 30 dəqiqədirsə, bu, ABŞ-da da belədir, Avstraliyada da. Sadəcə ABŞ-da həmin bir saat üçün 100 dollar, Avstraliyada 40 dollar, Azərbaycanda isə 30 manat ödənilir. Yəni biz işin qiymətini deyil, həmin vaxtı deyirik.

 

- Bəs ehtiyyat hissələrinin qiymətləndirilməsini hansı formada aparırsınız?

 

- Dünyada bizim kimi şirkətlər ehtiyyat hissələrininin qiymətlərini yalnız referans olaraq verir. Bütün dünya üzrə qiymətləndirmə prosesinin maksimum 15%-ini ehtiyyat hissələri təşkil edir. Qalan 85%-i isə təmir metodologiyası, dələduzluq hallarının azaldılması, şəffaflıq, düzgün qiymətləndirmə, servis mərkəzləri tərəfindən artıq hesablamanın qarşısının alınması, müştəri məmnuniyyəti və digər məsələlər tutur. Ehtiyyat hissələri məsələsində inkişaf etməkdə olan və inkişaf etmiş bazarlar məsələsi var. İnkişaf etmiş bazarlarda işlənmiş ehtiyyat hissələrinin bir elektron bazası və ya satış portalları olur. Bu bazada hər ehtiyyat hissəsinin öz kodu göstərilir və həmin kodla avtomobillərə uyğun olub-olmadığı müəyyən edilir. 

 

Bu gün Azərbaycanda “ölüxana” adlanan yerlər var. Orda detalların kodu məlum deyil və satanların çoxu da bu kodları bilmir. Çox vaxt müştəriyə onun avtomobilinə uyğun olmayan detallar verilir. “Ölüxana”lar həmin ehtiyat hissələrini elektron formada “Adudotex”ə təqdim edə bilmirlər. Tutalım, bunu təqdim etdilər və biz də onların verdiyi kodlarla sistemə yerləşdirdik. Amma heç kim, hətta “ölüxana”nın sahibi belə təqdim olunan ehtiyyat hissəsinin həmin malsatanın stokunda olmasına zəmanət verə bilməz. Çünki işlənmiş ehtiyyat hissəsidir, bir çeşidi qalıb və o da satıldısa, vəssalam.

 

Ukrayna və digər inkişaf etməkdə olan bazarlarda çox vaxt ehtiyyat hissəsinin defakto qiymətləndirilməsini aparırlar. Qiymətləndirmə aparılır, təmir üçün lazım olan saatlar sistem tərəfindən müəyən edilir, sonra isə ehtiyyat hissələrinin qiymətləri üçün auksion metodu ilə bir neçə servisdən məlumat əldə edilir. Servis mərkəzi də sistemə daxil edilən ehtiyyat hissəsinin qiymətinə görə cavabdehlik daşıyır. Biz də Azərbaycanda bu formada fəaliyyət göstəririk.

 

- Bəzi sığorta şirkətlərini bu sistemdən istifadə etməyə təşviq etmək məqsədilə xidmət haqqının endirilməsini nəzərdə tutmusunuzmu?

 

- Bizim şirkət 90 ölkədə fəaliyyət göstərir. Ən ucuz xidmət haqqı təklif etdiyimiz ölkələrdən biri də Azərbaycandır. Əsas məsələ qiymətdən daha çox görülən işin dəyərini anlamaqdır. Azərbaycanda sığorta şirkətləri çox vaxt “Audotex”i ehtiyyat hissəsi kataloqu kimi görürlər. Buna görə də bəzən bu şirkətlər ilə “Audotex” arasında anlaşılmazlıqlar olur. Bu kimi problemləri bir qədər həll etmişik. Əslində ehtiyyat hissələrinin qiymətləndirilməsi bizim işimizin maksimum 10%-ini təşkil edir. Bizim sistemdə ehtiyyat hissələrinin qiymətləri onsuzda referans halında var. Sığorta şirkətləri gördüyümüz işin dəyərini anlasa hətta bizə təklif etdiyimiz xidmət haqqından artıq ödəniş etməyə də razı olarlar.

 

- Hazırda avtomobillərin icbari sığortası bir sıra sığorta şirkətləri tərəfindən zərərli sığorta növü hesab edilir. Sığorta bazarının, daha dəqiq desək avtomobillərin icbari sığortasının inkişaf etdirilməsi baxımından “Audotex”in rolunu necə qimətləndirirsiniz?

 

- Avtomobillərin icbari sığortası sektorunun inkişafı üçün “Audotex” sisteminin bir sıra üstünlükləri var. İlk növbədə bu sistem real qiymətləndirilməni təmin edir. Digər tərəfdən, sığorta şirkətlərinə öz zərərlərini idarə etmək imkanı yaradır. Sığorta şirkəti qiymətləndirmə nəticəsində ödədiyi pulun reallığa uyğun olub-olmadığını təyin edə bilmir. Sığorta şirkətlərinin əlində bunu dəqiqləşdirmək üçün heç bir əsas yoxdur. Servis mərkəzləri isə onların əlində belə bir əsasın olmadığını bilərək artıq hesablamalar aparırlar. Bu isə sığorta şirkətinin zərərliyini artırır. “Audotex”dən istifadə etməklə sığorta şirkəti real qiymətlərdən xəbərdar ola və servis mərkəzi qarşısında müəyyən tələblər irəli sürə bilər. Nəticədə sığorta şirkəti həm xərclərinə qənaət edir, həm də müştəri məmnuniyyəti yüksəlir.

 

Rəsmi dilerlər bizə ehtiyyat hissələri barədə məlumatları təqdim edirlər, biz də bu məlumatları sistemə yükləyirik. Çünki dilerlər həmin ehtiyyat hissələrinin öz stoklarında olmasına zəmanət verə bilirlər. Lakin bir daha qeyd edirəm ki, “Aduotex”in işi təkcə ehtiyyat hissələrinin siyahısını hazırlamaq deyil. Bu, bizim işimizin 10%-ini belə təşkil etmir. 

 

Dünyada bizim kimi fəaliyyət göstərən 5-6 şirkət var. Onların heç birində ehtiyyat hissələri fokus nöqtəsi deyil. Çünki ehtiyyat hissələrinin qiymətləri ilə bağlı məlumatlar cəmiyyətə açıqdır. Bu gün siz istənilən bir ehtiyyat hissəsinin qiymətini rahatlıqla hər hansı "ölüxana" və ya rəsmi distributora zəng vurub öyrənə bilərsiz. Bizim işimizdə əsas məsələ cəmiyyətə açıq olmayan məlumatların təqdim edilməsidir. Məsələn, avtomobilin hər hansı bir hissəsinin sökülüb-yığılması və ya rənglənməsi üçün nə qədər vaxt getməsi, nə qədər material sərf olunması və reallıqda bunların istehsalçı tərəfindən hansı normalarla təyin edilməsi cəmiyyətə qapalı olan məlumatlardır. “Audotex”i dəyərli edən də məhz bu məlumatların cəmiyyətə təqdim edilməsidir. Cəmiyyətə açıq olan məlumatları sığorta şirkəti özü də öyrənə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)