Bank

Dövlət bankının əsas gəlirləri istehlak kreditlərindən formalaşıb - HESABAT

“Azər-Türk Bank”ın bu ilin yanvar-iyun ayları üzrə xalis mənfəəti 6,924 min manat təşkil edib. Yəni, ötən ilin eyni dövrü (13,550 min manat) ilə müqayisədə  bankın dövr üzrə qazancı iki dəfə azalıb.

Kreditlər üzrə gəlirləri artıb

Bankın ümumi faiz gəlirləri 2024-cü ilin II rübündə 49,085 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 66,164 min manata yüksəlib. Artım təxminən 35% təşkil edir.

Ən böyük faiz gəliri müştərilərə verilmiş kreditlərdən əldə olunub – bu gəlir 32,696 min manatdan 40,878 min manata yüksəlib.

Depozitlər üzrə faiz gəliri də nəzərəçarpacaq dərəcədə artaraq 12,118 min manatdan 18,068 min manata çatıb.

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3,549 min manatdan 6,481 min manata qədər yüksəlib.

Depozit üçün xərcləri 80 % artdı

Digər tərəfdən, faiz xərcləri daha da sürətlə artaraq 19,906 min manatdan 35,889 min manata yüksəlib. Bu, 80% artım deməkdir.

Depozitlər üzrə faiz xərcləri bu artımda əsas paya sahib olub – 17,586 min manatdan 31,660 min manata qədər yüksəlib.

Qiymətli kağızlar üzrə faiz xərcləri 213 mindən 654 min manata qalxıb.

Digər faiz xərcləri isə sıfırdan başlayaraq 1,252 min manata çatıb.

Beləliklə, faiz gəlirləri artsa da, faiz xərclərindəki kəskin artım nəticəsində xalis faiz gəliri cəmi 3.7% artaraq 29,179 min manatdan 30,274 min manata yüksəlib.

Qeyri-faiz gəlirləri azalıb, əvəzində komisyon gəlirləri artıb

Qeyri-faiz gəlirləri cüzi azalma ilə 18,887 min manatdan 18,320 min manata düşüb. Xarici valyutadan gəlir (məzənnə dəyişmələri daxil olmaqla) 7,847 min manatdan 7,052 min manata enib. Əvəzində digər xidmət növlərindən komisyon gəlirləri artaraq 10,488 mindən 10,722 min manata qalxıb. Qeyri-faiz xərcləri isə nəzərəçarpacaq dərəcədə artaraq 30,009 min manatdan 36,727 min manata yüksəlib.

Əmək haqqı və kompensasiya xərcləri 12,790 mindən 16,665 min manata qədər artıb. Ümumi və inzibati xərclər də artaraq 13,332 min manata çatıb.

Vergidən əvvəl

Kredit portfelinin artımı ilə əlaqədar mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlar 2,012 min manatdan 3,393 min manata yüksəlib. Mənfəət vergisindən əvvəlki mənfəət kəskin şəkildə azalaraq 16,046 min manatdan 8,474 min manata düşüb – bu, təxminən 47% azalma deməkdir.

Nəticədə demək olar ki, Bankın faiz və komisyon gəlirləri artsa da, faiz və əməliyyat xərclərindəki ciddi artım nəticəsində xalis mənfəətdə yarıbayarı azalma müşahidə olunub.

Xüsusilə depozitlər üzrə faiz ödənişlərinin və əmək haqqı xərclərinin artması, bankın gəlirlərinin böyük bir hissəsini “yeyib”. Başqa sözlə, tendensiyaya baxsaq, bankın gəlirlərinə nisbətdə xərcləri daha sürətli artır.

Aktivlərdən nə artdı?  

ATB Bankın cəmi aktivləri 2024-cü ilin sonunda 1 milyard 496 milyon manatdan 2025-ci ilin ortasında 1 milyard 918 milyon manata yüksəlib. Bu, təxminən 28% artım deməkdir.

Aktivlərin tərkibinə baxsaq, nağd pul vəsaitləri 2 dəfədən çox artaraq 226 milyon manatdan 475 milyon manata yüksəlib. Bu, likvidliyin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər də ciddi şəkildə – 94 milyon manatdan 202 milyon manata qədər artıb. Depozitlərin həcmində cüzi azalma müşahidə olunur, 373 milyon manatdan 366 milyon manata düşüb.

Müştərilərə verilmiş kreditlər isə 751 milyon manatdan 806 milyon manata çatıb. Kreditlərin strukturu belədir:

  • İstehlak kreditləri 40 milyon manat artaraq 267.9 milyon manatdan 307.9 milyon manata yüksəlib.
  • Biznes kreditləri cüzi azalaraq 298 milyon manatdan 295.8 milyon manata enib.
  • Daşınmaz əmlak kreditləri artaraq 185 milyon manatdan 202 milyon manata çatıb.

Hüquqi şəxslərin depozit hesablarında ciddi böyümə 

Bankın cəmi öhdəlikləri 1 milyard 397 milyon manatdan 1 milyard 804 milyon manata qədər artıb. Bu da təxminən 29% böyümə deməkdir. Depozitlər isə 62% artaraq 891 milyon manatdan 1 milyard 144 milyon manata yüksəlib: 

Depozit portfelinin strukturuna baxsaq, fiziki şəxslərin depozitləri 225 milyon manatdan 210 milyon manata düşüb.

Əvəzində hüquqi şəxslərin depozitləri 40 faizlik ciddi artımla 666 milyon manatdan 933 milyon manata yüksəlib.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər əhəmiyyətli şəkildə artaraq 244 milyon manatdan 357 milyon manata çatıb.

Borc qiymətli kağızları üzrə öhdəliklər 30 milyon manatdan 44 milyon manata qədər artıb.

Səhmdar kapitalına pul qoydu 

Bankın cəmi kapitalı 98.5 milyon manatdan 113.9 milyon manata yüksəlib. Artıma əsas səbəb səhmdar kapitalının 50 milyon manatdan 79 milyon manata qədər artmasıdır – bu, yeni kapital qoyuluşunu və ya kapitalın artırıldığını göstərir. Bankın məcmu kapitalı 107 milyon 805 min manat təşkil edir və adekvatlıq əmsalı minimal 10 faizə qarşı 16,3%-dir.

Bölüşdürülməmiş mənfəət isə əksinə, azalıb və 43 milyon manatdan 28.6 milyon manata düşüb. Demək olar ki, Bank bölüşdürülməmiş mənfəətinin bir hissəsini səhmdar kapitalına əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)