“AFB Bank”ın problemli kreditlərinin 97%-i biznesdədir - HESABAT

“AFB Bank”ın ümumi maliyyə göstəriciləri əvvəlki ilə nisbətən yaxşılaşıb. Mənfəət vergisindən əvvəlki və dövr üzrə xalis mənfəət 634,24 min manatdan 2.718,45 min manata yüksəlib. Bu isə təxminən 328,6% artım deməkdir – yəni mənfəət dörd dəfəyə yaxın yüksəlib.
Artım əsasən qeyri-faiz gəlirlərinin çoxalması və ehtiyatlar üzrə müsbət dəyişikliklə bağlıdır. Lakin bəzi sahələrdə, xüsusilə qiymətli kağızlardan və depozitlərdən gəlirlərdə azalma müşahidə edilir. Eyni zamanda əməkhaqqı və faiz xərcləri də artıb.
Gəlirlər necə formalaşıb?
Cari dövrdə faiz gəlirləri 10.920,26 min manat, keçən ilin eyni dövründə isə 10.586,01 min manat olub. Bu, 3,2% artım deməkdir. Müştərilərə verilmiş kreditlərdən gəlirlər 16,5% artaraq 9.403,76 min manata çatıb. Əksinə, banklardakı depozitlər üzrə faiz gəlirləri 286,35 min manat azalıb və 639,47 min manata düşüb, bu isə təxminən 30,9% azalma deməkdir. Ticarət və investisiya qiymətli kağızları üzrə gəlir 1.278,34-dən 632,91 min manata düşüb, bu sahədə təxminən 50% azalma müşahidə olunub.
Xərcləri artıb
Faiz xərcləri ümumilikdə 3.242,80 min manat olub ki, bu da keçən ilə nisbətən 482,98 min manat və ya 17,5% artım deməkdir. Depozitlər üzrə faiz xərci 15,1% artaraq 1.689,69 min manatdan 1.944,60 min manata yüksəlib. Cəlb edilmiş kreditlər üzrə ödənilən faizlərdə də təxminən 28,8% artım olub və 1.298,20 min manata çatıb. Qeyri-faiz gəlirləri 4.077,16-dan 4.460,15 min manata yüksəlib, bu isə təxminən 9,4% artım deməkdir. Alınan haqq və komissiya gəliri 7,3%, valyuta əməliyyatlarından gəlir isə 9,9% artıb. Qiymətli kağızlardan gəlirlərdə müsbət dönüş baş verib: keçən il zərər göstərildiyi halda, bu il 73,05 min manat gəlir əldə olunub. Qeyri-faiz xərcləri 9.935,20-dən 11.114,07 min manata yüksəlib, təxminən 11,9% artım var. Əmək haqqı və kompensasiya xərcləri təxminən 27,2% artıb və 4.751,29 min manata çatıb. Digər xərclər də daxil olmaqla, bütün kateqoriyalarda artım müşahidə olunur.
Aktivlərdən nə azalıb, nə artıb?
Bankın ümumi aktivləri hesabat dövründə 311.822,80 min manat olub bu isə 5,6% artım deməkdir. Aktivlərin tərkibinə baxsaq, nağd vəsaitlər yanvar-iyun aylarında 1.506,72 min manat artaraq 35.232,35 min manata yüksəlib. Ticarət və investisiya qiymətli kağızları sahəsində isə ciddi azalma müşahidə olunur: 15.862,85 min manatdan 7.610,94 min manata düşüb və bu 52% azalma olduğunu göstərir. Banklardakı depozitlər isə əksinə 2.500,00 min manat artaraq 30.500,00 min manata çatıb. Müştərilərə verilən kreditlər 202.906,37 min manat səviyyəsində olub, bu da keçən ilin sonundakı 183.091,28 min manatla müqayisədə təxminən 10,8% artım deməkdir.
Problemli kreditlərin 97%-i biznes kreditləridir
Bu ilin yanvar-iyun aylarında Bankın verdiyi istehlak kreditləri 4.818,10 min manat artaraq 26.580,83 min manat olub. Biznes kreditləri 17.006,81 min manat artaraq 107.062,92 min manat təşkil edib. Daşınmaz əmlak kreditlərində isə təxminən 2.009,80 min manat azalma müşahidə olunur və göstərici 71.272,43-dən 69.262,63 min manata düşüb.
Vaxtı keçmiş kreditlərin strukturu da çox maraqlıdır. 1 ildən çox gecikmiş kreditlərin həcmi 11 milyon 395,06 min manatdır və bu ümumi portfelin təxminən 5,6%-ini əhatə edir. Problemli kreditlərin 97%-i isə məhz biznes kreditləridir.
Hüquqi şəxslərin hesabları kiçilib
Hesabat dövründə Bankın ümumi öhdəlikləri 217.950,89 min manatdan 236.440,83 min manata yüksəlib. Bu, təxminən 8,5% artım deməkdir.
Depozitlər üzrə öhdəliklər 132.983,17-dən 140.946,47 min manata çatıb.Fiziki şəxslərin depozitləri 26,3% artaraq 60.107,71-dən 75.919,16 min manata qalxıb.
Əksinə, hüquqi şəxslərin depozitləri azalıb: 72.875,45-dən 65.027,31 min manata düşüb, yəni 10,8% kiçilib. Kredit təşkilatları qarşısında öhdəliklər də 76.099,34-dən 84.955,80 min manata qalxaraq 11,6% artıb.
Kapitalı azalıb
Bankın cəmi kapitalı 77.216,32 min manatdan 75.381,97 min manata düşüb, yəni 1.834,35 min manat azalıb. Səhmdar kapitalı dəyişməz – 70.393,46 min manat qalıb. Məcmu kapitalı 72.828,73 min manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 33,97% olmaqla yaxşı nəticə göstərib.
Bölüşdürülməmiş mənfəət isə 4.852,59-dan 2.992,76 min manata düşərək təxminən 38,3% azalıb. Bu isə əvvəlki illərin mənfəətinin bir hissəsinin səhmdarlar arasında paylandığını göstərir.