Sığorta

ASA yazı müsabiqəsinin qalibləri açıqladı

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən Milli Mətbuatın 150 illiyi münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq jurnalistləri həm Milli Mətbuatın 150 illiyi, həm də yazı müsabiqəsində əldə etdikləri nailiyyət münasibətilə təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzuladı. İcraçı ditektor öz çıxışında sığorta maarifləndirməsi və təbliğatı işində medianın əvəzsiz rolu və əhəmiyyətinə toxunaraq bunu yüksək qiymətləndirdiyini vurğuladı və mediaya bu dəstəyə görə səmimi təşəkkürlərini bildirdi.

“Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsinin mükafatlandırma mərasimində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, növbəti dörd yerin sahiblərinə sertifikat və pul mükafatları, digər üç yerin sahiblərinə isə qiymətli hədiyyələr təqdim olundu.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)