Aqrar

Azərbaycanda yeni mutant pambıq sortlarının yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) Gənc Alim və Mütəxəssislər Şurasının II elmi-praktik konfransı keçirilib.

Bu barədə “ENA”a Nazirlikdən bildirilib.

“Aqrar sahədə innovasiyaların tətbiqində gənc alimlərin rolu” mövzusuna həsr edilmiş konfransda Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Faiq Xudayev çıxış edərək Şuranın fəaliyyəti barədə məlumat verib: “AEİM-in struktur tabeliyində olan elmi-tədqiqat institutlarında yaradılan Gənc Alim və Mütəxəssislər Şurası indiyədək yerli və xarici təşkilatların keçirdiyi beynəlxalq tədbirlərin iştirakçısı və ev sahibi olub. Hazırda bu elmi-praktik konfransın keçirilməsində məqsəd aqrar sahənin inkişafında innovasiyaların təbliğini genişləndirmək, eyni zamanda gənclərin apardığı tədqiqat işlərinin aqrar sahənin inkişafına verdiyi töhfələri müəyyənləşdirməkdir. Həmçinin, belə tədbirlər tədqiqatçı gənclər arasında kommunikasiyanın yaranmasına təkan verir”.

AEİM-in şöbə müdiri Nicat Nəsirli, BMTB ETİ-nin direktor müavini Sahib Cabbarov konfrans iştirakçılarına müxtəlif elmi-tədqiqat institutlarında gənc alim və mütəxəssislər tərəfindən aparılan araşdırmalar barədə ətraflı məlumat verib. Bildirilib ki, dövrün müasir çağrışlarına uyğun olaraq elmi-tədqiqat işləri ilə məşğul olan gənclər fermerlərlə tərəfdaşlıq əlaqələri qurmağa maraq göstərməli, mövzuları birbaşa torpaq adamlarının üzləşdikləri problemlərin əsasında müəyyən etməlidirlər.

Tədbirdə çıxış edənlər aqrar sahədə çalışan və təhsil alan gənclərin qarşısında duran hədəflərdən danışaraq gəncləri elmi-tədqiqat institutlarının və ölkənin elmi mühitində fəal iştiraka çağırıblar. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasının direktoru Mehman İsmayılov çıxışında bu cür konfransların keçirilməsinin gənc alim və mütəxəsisslər arasında elmi əlaqələrin genişlənməsinə müsbət təsir edəcəyini vurğulayıb.

Daha sonra gənclərin elmi məruzələri dinlənilib. Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisi Səmayə Hüseynova “Fitoplazma xəstəliyinə yoluxmuş üzüm bitkisində baş verən bəzi biokimyəvi dəyişiliklər”, Baytarlıq ETİ-nin Mərkəzi Referens Laboratoriyasının müdiri Şəlalə Zeynalova “Bioloji silahların törətdikləri təhlükənin azaldılması”, Əkinçilik ETİ-nin elmi işçisi Gülşən Mirzəyeva “2015-2019-cu illər ərzində introduksiya olunmuş buğda nümunələrinin ilkin ekoloji sınaqlarının nəticələrinin öyrənilməsi”, Tərəvəzçilik ETİ-nin elmi işçisi Fəridə Şərbətova “Sağlam kartof toxumu istehsalında biotexnologiyanın rolu”, Baytarlıq ETİ-nin şöbə müdiri Aygün Əzizova “Kənd təsərrüfatı heyvanlarının invozion xəstəlikləri və onlara qarşı innovativ mübarizə tədbirləri”, BMTB ETİ-nin elmi işçisi Rumiyyə Məmmədrzayeva “Esperimental mutagenez metodu ilə yeni mutant pambıq sortlarının yaradılması” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransın sonunda tədbir iştirakçıları Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, laboratoriyalarının iş prinsipi ilə yaxından tanış olublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department