Bank

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”ndakı dəyişiklik gələn aydan qüvvəyə minəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda etdiyi dəyişiklik avqustun 1-dən qüvvəyə minəcək.

ENA.az AMB-yə istinadən xəbər verir ki, dəyişikliklərin əsas məqsədi kəmiyyət və keyfiyyət parametrlərinin yenidən tənzimlənməsi yolu ilə banklarda likvidlik risklərinin daha effektiv idarə olunması və onların likvidlik mövqelərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirmək imkanlarının qorunmasından ibarətdir.

Yeni tələblər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur. Avqustun 1-dən sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50 %-dən başlamaqla 1 iyul 2027-ci il tarixinə qədər, bütün digər banklar isə 40 %-dən başlamaqla 1 dekabr 2027-ci il tarixinə qədər mərhələli qaydaya 100 %-ə çatdırmalıdır. Paralel olaraq, dəyişikliklərlə bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir (bank metalları, dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları, gecəlik (overnight) depozitlər, AMB-yə yerləşdirilmiş qısamüddətli vəsaitlərin yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirilməsinə icazə verilib).

Qaydaya edilən dəyişikliklər, ümumilikdə likvidlik risklərinin ölçülməsi və idarə olunması mexanizmlərinin daha çevik qurulmasına, həmçinin banklarda likvid vəsaitlərin milli və xarici valyutalar arasında bölgüsünün daha optimal proqnozlaşdırılmasına, bankların milli valyutada likvid mövqeyinin daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)