Aqrar

Azərbaycanda tütün sahələrinin sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə tütün sahələrinin sığortalanmasına başlanılıb.

ENA.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda ölkədə 2 625 hektar ərazidə tütün əkilir, onun böyük hissəsi -2 567 hektarı və yaxud təqribən 98 %-i Şəki-Zaqatala bölgəsindədir. Ən çox tütün sahələri Şəkidədir. Bu rayonda 1 601 hektarda tütün əkilir. Bu ölkə üzrə bütün tütün sahələrinin 60%-dən çox hissəsi deməkdir. Tütünün geniş şəkildə əkildiyi bölgələrin siyahısında Qax (455 hektar), Zaqatala (264 hektar) və Oğuz rayonları (179 hektar) da var.

Tütün məhsulundan yerli siqaret istehsalında istifadə edilir, eləcə də tütünün bir hissəsi xaricə ixrac edilir. 2023-cü ildə Azərbaycan ümumi məbləği 6 milyon 647 min dollar olan 2 860 ton tütün ixrac edib. 2024-cü ildə isə ixrac edilən tütünün həcmi və dəyəri 3 dəfə artıb, ötən il xaricə ümumi məbləği 22,4 milyon dollar olan 6 937 ton tütün ixrac olunub. Hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər

Aqrar sığorta tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərdən qoruyur. Aqrar sığorta haqqının 50 %-ni dövlət ödədiyinə görə, fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki rayonunda 1 kiloqramının qiyməti 35 qəpik olmaqla, 20 ton və yaxud 200 sentner məhsul gözlənilən 1 hektar tütün sahəsindən ümumilikdə 7 000 manatlıq məhsul götürülür. Bu sahənin aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən qorunması üçün ümumi sığorta haqqı 446 manat, fermerin ödədiyi hissə isə cəmi 223 manat təşkil edir. Başqa sözlə, fermer sahədən gözlənilən məhsulun dəyərinin cəmi 3 faizini ödəməklə tütün sahəsini çoxsaylı risklərin vurduğu zərərdən qoruya bilər.

Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Bu halda zərərlə üzləşməmək üçün tütünü doludan keyfiyyət itkisi riskindən də sığortalamaq tələb olunur. Fermer əkin sahəsini bu riskdən də sığortalamaq üçün ümumilikdə 308 manat sığorta haqqı ödəməlidir.

1 hektar tütün bitkisinin becərilməsi üçün xərclər 2000-3000 manat arasında dəyişir. Başqa sözlə, sığorta haqqı tütünə çəkilən xərclərin 10-da birinə bərabərdir. Artıq fermerlər tütün sığortasından faydalanmağa başlayıblar. 2025-ci ildə Aqrar Sığorta Fondu tütün becərən fermerlərə üzləşdikləri zərərə görə ödənişlər edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)