AMB: Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı manatla istiqraz buraxacaq

Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı yerli valyutada istiqraz emissiyasını planlaşdırır.
ENA.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov bildirib.
Onun sözlərinə görə, hazırda “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”na dəyişiklik layihəsi hazırlanır.
"Cari ildə də əsas məqsədimiz ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun dayanıqlı inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi olacaq. Belə ki, bank, sığorta və kapital bazarlarının inkişafı, normativ və institusional çərçivənin gücləndirilməsi, vətəndaşların maliyyə savadlılığının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi sahələr əsas prioritetlər arasında yer alacaqdır", - F. Cəfərov qeyd edib.
Kapital bazarları istiqamətində beynəlxalq əməkdaşlığa toxunaraq, departament direktoru vurğulayıb ki, Mərkəzi Bank Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatına (IOSCO) imtiyazlı üzv statusunun əldə edilməsi məqsədilə Anlaşma Memorandumun imzalanmasını planlaşdırılır.