ChatGPT 10 ildən çox həkimlərin tapa bilmədiyi sağlamlıq problemini aşkar edib

Amerikalı bir şəxs illərlə müxtəlif və izaholunmaz simptomlarla yaşayıb. Onun bu şikayətləri üzündən dəfələrlə MRT, KT, dərin laborator analizlər aparılıb, hətta Lym xəstəliyi və skleroz ehtimalları da yoxlanılıb. Lakin heç bir həkim problemin səbəbini müəyyən edə bilməyib.
Nəticədə o, simptomlarını və analiz nəticələrini ChatGPT-yə təqdim edib. Süni intellekt modeli, illərlə davam edən bu diaqnostik çıxılmazlığa genetik səbəb tapıb: istifadəçidə MTHFR genində A1298C mutasiyası aşkarlanıb. Bu mutasiya əhalinin təxminən 7–12%-ində müşahidə olunur və B12 vitamini səviyyəsi normal görünsə də, orqanizm onu kifayət qədər mənimsəyə bilmir. Bu isə müxtəlif sağlamlıq pozuntularına yol aça bilər.
İstifadəçi bu nəticələri həkiminə təqdim etdikdə, o da təəccüblə etiraf edib ki, nəticələr məntiqlidir və bu istiqamət indiyədək nəzərdən qaçıb.
Hazırda, müalicəyə başlanmasından bir neçə ay sonra, şəxsin simptomları demək olar ki, tamamilə aradan qalxıb.
Müəllif bildirir ki, ChatGPT-nin bütün tövsiyələri həkimi tərəfindən yoxlanılıb. Süni intellekt həkimin əvəzi deyil, amma böyük həcmli məlumatları emal etmək və düzgün istiqamət göstərmək baxımından əvəzolunmaz alətə çevrilir.
Ekspertlər qeyd edir ki, bir çox həkimlər yeni bilikləri izləmədiklərinə və daim öz üzərində işləmədiklərinə görə, elmin artıq məlum etdiyi faktları qaçırırlar. Buna görə də, süni intellektin ilkin skrininq proseslərində istifadə olunması, səhiyyədə irəliyə doğru ciddi addım ola bilər.