Azərbaycanın xaricdən kərə yağı alışı 43% artıb - İDXALI ARTAN MƏHSULLAR-SİYAHI

Azərbaycan Mərkəzi Bankının açıqladığı Tədiyə balansı hesabatına görə, 2025-ci ilin I rübü üzrə mal idxalı ötən ilin eyni dövrünə nəzərən 7.2% artaraq 3.8 mlrd. dollar təşkil edib. O cümlədən istehlak mallarının idxalının ümumi dəyəri 1.6 mlrd.$ olub, bunun 600 milyon $-ı ərzaq məhsullarının payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə idxal 8.2% artaraq 3.3 mlrd.$-a yüksəlib. Qeyri-neft-qaz idxalının strukturunda:
kərə yağının - 43.0%;
tərəvəz məhsullarının - 29.9%;
dənli bitkilərin - 19.8%;
traktorların - 15.9%;
minik avtomobillərinin - 13.2%;
ətir və kosmetik vasitələrin - 8.7%;
alkoqollu və alkoqolsuz içkilərin - 5.6%;
kağız məmulatlarının - 5.1%,
tütün və tütün məhsullarının - 0.9% idxalı artıb.
Bu dövrdə, hesablama maşınlarının (38.4%); yük avtomobillərinin (24.0%); bitki yağlarının (23.2%); kommutasiya qurğularının (20.0%); sabun və yuyucu vasitələrin (13.7%); kran, klapan, boru kəməri armaturlarının (12.3%); şəkərin (6.9%); əczaçılıq məhsullarının (4.2%); metalların (2.4%); daş və şüşə məmulatlarının (0.5%) və mebel məhsullarının (0.1%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilən maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.2% təşkil edərək 0.1 mlrd.$ olub.