MALİYYƏ

Palatada ikihakimiyyətliliyə son qoyuldu: yeni nizamnamədən nə gözləyək? – MÜSAHİBƏ

Azərbaycanda ilk publik hüquqi şəxs olan Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni nizamnaməsindən sonra bu qurumdan nə gözləyək? Ümumiyyətlə, bu dəyişikliklərin yaxşı və pis tərəfləri nədir?
 

“BI” bu qiymətləndirməni aparmaq maliyyə sahəsində tanınmış ekspert Samir Əliyev ilə söhbət etdi. 
 

  • Samir müəllim MBNP-nin yeni nizamnaməsi ilə nə dəyişdi?

Yadınızdadırsa, əvvəlcə “Publik hüquqi şəxs haqqında” qanun qəbul edildi və onun ardınca da Palata yaradıldı. Palatada struktur bu qanunvericiliyə uyğun təşkil edildi. Mexanizm belə quruldu ki, orada müşahidə şurası, iqtisadi fəaliyyəti həyata keçirən idarə heyəti və audit komitəsi var. Palata kommersiya fəaliyyəti ilə məşğul ola bilir və əldə ediyi gəliri nizamnamə üzrə fəaliyyətinə yönləndirir. Unutmayaq ki, dövlətdən də maliyyə ala bilər və başqa fəaliyyətlər vasitəsilə də pul qazana bilər. Bu publik hüquqi şəxsin qısa mahiyyətidir, hansı ki, Palatada da yaradılmışdı. Yeni nizamnamə isə xeyli dəyişikliklər gətirdi. İlk növbədə yeni sənəddə Palatanın publik hüquqi şəxs olduğu birbaşa göstərilmirsə, artıq onun bu statusu daşıdığını demək olmaz. Çünki, bu qurumun adında özünü göstərir.

  • Razılaşaq ki, hər bir dəyişikliyin müsbət və mənfi tərəfləri var. Burada müsbət tərəf nədir?

 Müsbət tərəf odur ki, qurumda ikihakimiyyətliyə nəhayət son qoyuldu. Bu Palatanın işinə çox mənfi təsir edirdi və onun qərarları gecikirdi. İkinci üstünlük odur ki, qurumun maliyyə hesabatlılığı kənar audit şirkəti tərəfindən aparılacaq. Üstəlik, bir audit şirkəti ilə ən çoxu 3 illik müqavilə imzalana bilər. Yəni, bu o deməkdir ki, SOCAR və başqa qurumlar kimi  bir audit şirkətilə illərdir işləməyə icazə verilmir. Bir qayda olaraq beynəlxalq təcrübədə bir audit şirkəti ilə uzun müddət işləmək şəffaflığa kölgə salan məsələdir. Ona görə də şəffaflıq nöqteyi-nəzərdən yeni nizamnamədəki bu bənd müsbət haldır. Düşünürəm ki digər dövlət qurumları üçün də belə addımlar müsbət hal ola bilər. Üçüncü müsbət tərəf kimi qeyd edə bilərəm ki qurumun vəzifə və səlahiyyətləri bir qədər də artırılıb.

  • Mənfi tərəfləri hansılardır?

Birinci mənfi tərəfi odur ki, bu cür vacib qurumun hazırda təşkilati strukturu bilinmir ki, publik hüquqi şəxsdir, yoxsa dövlət qurumudur? Yeni nizamnamədən belə görünür ki, daha çox dövlət qurumuna yaxındır.

İkinci mənfi tərəfi - korporativ idarəetmə standartlarından uzaqlaşdı, Müşahidə Şurası strukturu ləğv edildi. Bu deməkdir ki, qarşılıqlı nəzarət sistemi aradan qaldırıldı. Çünki normal halda idarə heyəti ilə müşahidə şurası bir-birinə nəzarət edir, idarə heyəti müşahidə şurasına hesabat verir. Müşahidə şurası İdarə Heyətini seçir. Eyni zamanda daxili audit aparan qurum var, onu da müşahidə şurası seçir və bu qurum da idarə heyətinin fəaliyyətinə nəzarət edir. İndi yeni nizamnamə ilə nə baş verir: idarə heyəti öz daxili audit komitəsini özü təyin edir. Həmin qurum da İdarə Heyətinin fəaliyyətini araşdırıb, elə İdarə Heyətinin özünə də hesabat verəcək. Bu səndən sənə şikayətim var, mahnısını xatırladır. Bu, birbaşa standartlardan tamamilə uzaq məsələdir.

Başqa bir məsələ: bizim bankların hamısı beynəlxalq idarəetmə standartlarını tətbiq edir. İndi təzada baxın: korporativ idarəetmə standartı olmayan bir qurum banklarda  korporativ idarəetmə standartlarına nəzarət edəcək. Sən özün bu idarəetməyə uyğun deyilsənsə, bunu başqasından necə tələb edə bilərsən?!

Ədalət naminə deyək ki, hazırda banklar Azərbaycanda korporativ idarəetmə standartlarını pis-yaxşı tətbiq edən mütərəqqi qurumlardır. Düzdür, tam təkmil deyil, amma ən yaxşı nümunədir.

  • Maliyyələşmə mənbəyi ilə bağlı yeni vəziyyət nədən ibarətdir?

Bu da çox mühüm məsələdir. Maliyyələşmə mənbələri əvvəlki nizamnamədə daha açıq göstərilirdi. Buna tam əmin deyiləm, amma mənə elə gəlir ki, qarşıda dövlət tərəfindən tam dəstəyin göstərilməsi mümkündür.

Qeyd edim ki, əvvəlki sistemdə Palata bankalardan sabit üzvlük tələb edirdi. Mən təxmini hesabladım, Palata 2017-ci ildə təkcə banklardan üzvlük haqqına görə 14 milyon manat xidmət haqqı alıb. Həmin o 14 milyon manatı bank ödəyirsə, deməli bu həmdə gəlir kreditin üzərinə və onu bahalaşdırır. Mənim gözləntim budur ki, bu xidmət haqqı azaldılsın,  ya tam ləğv edilsin, ya da dövlət tərəfindən maliyyələşsin. Bu sadalan fikrlər həyata keçirilərsə müsbət hal kimi qiymətləndirmək olar.

  • Yenidən büdcənin yükü artacaq...

Razıyam ki, mənfi tərəfi də var və büdcə yükünü artıracaq. Baxın publik hüquqi şəxsin yaradılması o demək idi, qurum maliyyə əks mərkəzləşməsindən uzaqlaşırdı. Yəni özünü maliyyələşdirirdi və büdcədən asılılıq azalırdı, görünür, yenidən büdcəyə yönəlmə baş verir.

 

"Bİ"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department