Azərbaycanda vergi məhkəmələrinin yaradılması zəruridirmi?

Vəkillər Kollegoyasının üzvü, hüquqşünas Sirac Piriyev Azərbaycanda istisaslaşmış vergi məhkəmələrinin yaradılmasını təklif edib. Ena.az hüquqşünasın bununla bağlı açıqlamasını təqdim edir:
Azərbaycanın vergi qanunvericiliyinin əsasını təşkil edən Vergi Məcəlləsi yazılış üslubu və yönləndirici normaların çoxluğuna görə digər normativ-hüquqi aktlardan fərqlənir. Vergi münasibətlərinin iştirakçıları üçün belə çətin dili olan qanunu düzgün tətbiq etmək heç də asan deyil. Eləcə də vergi münasibətlərinin çoxşaxəliliyi praktiki baş verən bütün əməliyyatların qanunvericiliklə tənzimlənməsini imkansız edir. Məhz bu amil çoxsaylı mübahisələrin yaranmasına səbəb olur.
Məlumdur ki, vergi ilə bağlı mübahisələrə Azərbaycanda ixtisaslaşmış məhkəmələr olaraq inzibati məhkəmələrdə baxılır. Lakin həmin məhkəmə hakimləri ayrıca bu sahə üzrə ixtisaslaşmayıb və bu amil təcrübədə çətinliklər yaradır. Hakimlərin iş yükünün həddən artıq çox olması, həmçinin inzibati məhkəmələrdə digər mübahisələrə (əmlak, pensiya və s.) də baxılması hakimlərin vergi sahəsi üzrə ixtisaslaşmasını çətinləşdirir. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə ayrıca vergi məhkəmələrinin yaradılması zəruridir. Dünya təcrübəsində də bəzi ölkələrdə bu kimi xüsusi ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Azərbaycanda da belə məhkəmələrin yaradılması tək sahibkarlıq subyektləri üçün deyil, həm də vergi orqanları üçün olduqca əhəmiyyətli ola bilər.