“AMEA-nın professoru” adı ətrafında qalmaqal: alim ittiham edir, direktor razılaşmır
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru” adını almaq üçün elan olunan müsabiqənin nəticələri qalmaqala səbəb olub.
ENA.az xəbər verir ki, kimya elmi üzrə bu ada layiq görülmək üçün iki ildir sənəd verən, lakin seçilə bilməyən Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, hazırda Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru Kamran Mahmudov nəticələrə etiraz edir.
O, məsələf ilə bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ərizə ilə müraciət edib.
K.Mahmudov müraciətində bildirib ki, qeyd olunan müsabiqədə iki ildir iştirak edir: “Səsvermədə Rəvan Rəhimov 12, İbrahim Məmmədov 10 və mən 8 səs toplamışıq. İlk iki nəfər keçib, mən isə müsabiqədən keçməmişəm. Baxmayaraq ki, göstəricilərim bütün dünyada qəbul olunan Web of Science (Thomson Reuters) məlumat bazasında bütün namizədlərdən dəfələrlə üstündür”.
O, bu məsələdə Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovu ittiham edib: “Vaxtı ilə Sabahın Alimləri müsabiqəsindəki mübahisəmizdən sonra mənimlə öz aləmində intriqa aparır və mənimlə olan problemini AMEA-Kamran Mahmudov qarşıdurması kimi qələmə verir. Hər dəfə akademiyanın professoru seçkisi olanda özü ilə İnstitutdan bir neçə üzv gətirir və mənim əleyhimə səs vermələrini təmin edir, “missiyasını” tamamlayır”.
K.Mahmudov AMEA prezidenti Akif Əlizadədən məsələnin obyektiv araşdırılmasını xahiş edib: “Sizdən xahiş edirəm bu məktubu Akademiyanın Rəyasət Heyətinin iclasında açıq müzakirəyə verin, üzvlərdən soruşun görək hansı kriteriyalara görə səs veriblər (bu nəticələr göstərir ki, səsvermədə elmi nəticələr rol oynamayıb)? və həmin seçkinin nəticələrini ləğv edin (və ya açıq səsvermə təşkil edin). Bu yolla onu ağıllandırmış olacaqsınız. Yəni, mən öz pozulmuş haqqımı istəyirəm. Siz yoxlada bilərsiniz ki, tək AMEA-da deyil, bütün ölkə üzrə h-index=30 və başqa müəlliflər tərəfində olan istinadları 1267 olan Azərbaycanın neçə alimi var? Məni Azərbaycan elmini təmsil etməyimdən belə məsələlər döndərə bilməz, ancaq haqqımın da tapdalanmağını istəmirəm. Ümid edirəm ki, siz bu məsələni həll edəcəksiniz və həqiqət öz yerini tutacaq”.
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov isə açıqlamasında ünvanına səslənən ittihamlarla razılaşmadığını deyib. O qeyd edib ki, "AMEA-nın professoru" adına namizədlər yanlız onun səsi ilə seçilmir: “Seçkilərdə 16 nəfər gizli şəkildə səs verib. Mənim də bir səsim olub və bundan istifadə etmişəm. Əgər səsvermədə iştirak edən Akademiyanın 15 müxbir üzvü mənim sözümlə oturub-durursa, onda Allah kəssin belə akademikliyi, müxbir üzvlüyünü. Dövlətin qanunu var. Səsvermə var və mən də gizli formada səsimi vermişəm, kimsəyə də hesabat verməmişəm. Səsvermədə iştirak edən 15 nəfər kiməsə səs verməyibsə bu mənim günahımdır?!”.
V.Abbasov deyib ki, K.Mahmudovu çoxdan tanıyır: “Mən onun atası Talıb Mahmudovun elmi opponenti olmuşam və göylərə qaldırmışam. Komissiyanın sədri olanda Azərbaycanın əməkdar müəllimi adına namizədliyini mən irəli sürmüşəm. 70 yaşında elmlər doktoru olub. Heç oğlu onun müdafiəsinə də gəlməyib. Kamranın alimliyinə heç bir etirazım yoxdur və onun bilik səviyyəsini də bilirəm. Sadəcə seçilməyibsə, bu cür fikirlərə nə ehtiyac var? Halbuki bizim institutun 3 işçisi də "AMEA-nın professoru" adı üçün keçirilən seçkilərdən keçə bilmədi. Gücüm çatsaydı elə onları qabağa çəkərdim. Bununla dünya dağılmır ki?!”.
İnstitut direktoru hesab edir ki, seçkilərdən keçməməyi kimsənin üzərinə atmaq lazım deyil: “Bu addım əslində akademiyanı ittiham etməkdir və ona səs verən insanlara hörmətsizlikdir”.
O, eyni zamanda K.Mahmudovun “Vaqif Abbasov AMEA-nın prezidenti olmaq istəyindədir” iddialarına da cavab verib: "Kaş bəzi insanların ağlı başında olardı. Mənə hətta bu vəzifəni təklif etsələr belə, İnstitut direktorluğunu heç nəyə dəyişmərəm. Həyatımın 46 ilini məhz burada keçirmişəm. Əmək kitabçamda ayrı iş yeri olmayıb. Biz cənab prezidentimizin əsgəriyik. Hara desə ora da gedəcəyik. Mənə deyilsə ki, hansısa rayonda get işlə, orada da gedərəm”.
Qeyd edək ki, "AMEA-nın professoru" müsabiqəsində 24 elmlər doktoru iştirak edib. Namizədlər arasından gizli səsvermə yolu ilə 13 şəxs seçilib.