MALİYYƏ

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 8 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 9 milyard 526,6 milyon manat təşkil edib, bu da proqnozdan 2,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,3 % çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 48,1 % olub.

I yarımildə neft-qaz sektorundan daxilolmaların 24 %-i və ya 2 milyard 286,1 milyon manatı vergi orqanlarının xətti ilə, 76 %-i və ya 7 milyard 240,5 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 52,7 %-i və ya 1 milyard 203,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 39,2 %-i və ya 897,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 8,1 %-i və ya 184,6 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin hesabına formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)