Meliorasiya rəsmisi: "Heydər Əliyev Su Anbarına suyun daxil olması demək olar ki, dayanıb"

Bu il Naxçıvan Muxtar Respublikasında yağıntıların miqdarı həddindən artıq aşağı olub, buna görə də bəzi su anbarlarına kifayət qədər su toplanılmayıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov bildirib.
O qeyd edib ki, muxtar respublikanın böyük su hövzələrindən sayılan Heydər Əliyev Su Anbarına suyun daxil olması demək olar ki, dayanıb: "Hazırda anbarda 32 milyon kubmetr su mövcuddur. Bundan aşağı həcm 2016-cı ildə qeydə alınıb - həmin vaxt ehtiyat su həcmi 7-8 milyon kubmetrə düşmüşdü. Gözləntimiz budur ki, hava şəraitinə uyğun olaraq yaxın 3 ay ərzində də anbara kifayət qədər suyun toplanılması mümkün olmayacaq. Bunun üçün də həm suvarmada, eləcə də içməli su sektorunda sudan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Heydər Əliyev Su Anbarının layihə tutumu 100 milyon kubmetrdir. Bunun da təqribən 7-8 milyonu anbarın ölü həcmidir. 92 milyon kubmetr isə normal istifadə oluna biləcək miqdardır. İndiki vəziyyətdə su ehtiyatı minimum həddə düşə bilər. Anbardakı suyu suvarma və içməli olmaqla bərabər bölüşdürsək, dekabr ayının sonuna təqribən 5-6 milyon təmiz su qalma ehtimalı var".
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Araz Su Anbarından Heydər Əliyev Su Anbarına inteqrasiyalı olunmaqla, suyun çəkilişi nəzərdə tutulub. Burada 3 pilləli nasos stansiya və 1,6 metr diametrində təzyiqli boru xəttinin tikintisi nəzərdə tutulub. Əminik ki, bu yeni layihənin reallaşdırılması Naxçıvanın suvarma suyuna olan tələbatının ödənilməsində böyük rol oynayacaq", - deyə E.Səfərov əlavə edib.