Baş prokuror: "Azərbaycanlıların öldürülməsi faktları Rusiya İstintaq Komitəsinə təqdim edilib"

"Azərbaycan Rusiyanın Yekaterinburq vilayətində iki azərbaycanlının işgəncə ilə öldürülməsinə dair faktları Rusiya İstintaq Komitəsinə təqdim edib".
Bunu Ankarada səfərdə olan Azərbaycanın baş prokuroru Kamran Əliyev "Report"un sualını cavablandırarkən deyib.
Baş prokuror qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən işgəncə faktları ilə bağlı Rusiya İstintaq Komitəsi ayrıca araşdırma aparır.
"Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı cinayət işi başlatdıq. Bilirsiniz ki, Rusiya tərəfi - həm İstintaq Komitəsi, həm Baş Prokurorluqla mütəmadi əlaqələr saxlayırıq. Hərçənd Rusiya tərəfi deyir, zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağlı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri almaları nəticəsində həyatlarını itirdikləri müəyyən olundu.
Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsinə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq".
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.
Bundan əlavə, Azərbaycan Respublikası baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin yeddi maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub, cinayət işi üzrə istintaq qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.