Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib.
ENA.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq cüzi və 7,7 % çoxdur.
Son nəticədə icmal büdcədə 4 milyard 762,4 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,6 % azdır.
İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və yaxud 16,3 % çox), xərcləri 3 milyard 743,5 milyon manat (i324,5 milyon manat və yaxud 9,5 % çox) olub.
ƏƏSMN yanında İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (33,7 milyon manat və yaxud 21,7 % az), xərcləri 84,4 milyon manat (17,4 milyon manat və yaxud 26 % çox) olub.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (82,5 milyon manat və yaxud 7 % çox), xərcləri 1 milyard 15,4 milyon manat (219,9 milyon manat və yaxud 27,6 % çox) olub.
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (427 milyon manat və yaxud 4,6 % az), xərcləri 7 milyard 264,8 milyon manat (862,1 milyon manat və yaxud 13,5 % çox) olub.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (47,7 milyon manat və yaxud 18,3 % az), xərcləri 203,2 milyon manat (11,7 milyon manat və yaxud 6,1 % çox) olub.