Sığorta

Ən böyük zərərlər - buğda, arpa və pambıqdadır. Aqrar Sığorta Fondu hansı müraciətlərə imtina verib?

Üç ildir, Azərbaycanda kənd təsərrüfatı sığortası işləyir və əkin-biçin edən, mal-qara saxlamaqla dolanan insanlar təbiətin və ya müxtəlif səbəblərdən dəyən ziyanın heç olmasa bir hissəsini ala bilirlər. Bu ilk növbədə ona görə əvəzsiz bir sığorta növüdür ki, ölkənin ərzaq təhlükəsizliyi üçün mühümdür, idxaldan asılılığı azaldır, və aqrar məhsulların ixrac imkanları ildən-ilə artır. Üstəlik, məşğulluqda böyük payı var, kənd təsərrüfatı işçilərinin əli torpaqdan soyumur, qazanmadığı halda, ən azı ziyana da getmir.

Dövlət Aqrar Sığorta Fondunun təşkil etdiyi tədbirdə iştirak edən fermerlər də şükür etdilər ki, dəyən ziyanın bir hissəsini sığorta qarşılayıb. Məsələn, Xaçmazda fındıqçılıqla məşğul olan fermer Rövşən Şərifovun sözlərinə görə, 2022-ci ildə 10 min manatlıq ziyanla üzləşib və Fond 5 min manatını qarşılayıb. Qalan 5 min manata gəlincə, Fond belə arqumentləşdirir ki, ziyan quraqlıq səbəbindən və tozlanmanın düzgün aparılmadığına görə olub ki, bu da sığorta təminatına daxil deyil. Belə bir maraqlı xidməti təmsil edən Aqrar Sığorta Fondu sədrinin müavini Firdovsi Ağaşirinov ilə söhbətimizi diqqətinizə təqdim edirik.

- Adətən, kənd təsərrüfatı sığortası zərərli növlərindən biri hesab olunurdu, amma 2023cü il üzrə Aqrar Sığorta Fondunun 14 milyon manatdan çox yığımı var və ödəniş yığımın 10%i həcmindədir. Bu, kifayət qədər mənfəət deməkdir...

- Kənd təsərrüfatı bitkiləri üzrə 2023cü ilin zərərləri üzrə ödəniş hələ tam yekunlaşmayıb, ilin sonunu gözləyək. Hadisə oldu və ödəniş edirəm deyə bir şey yoxdur, çünki risk qiymətləndirilməsi həyata keçirilir ki, ziyanın nə dərəcədə olduğu müəyyən edilir. Bu günədək təsdiq olunmuş faktiki 4 milyon  manatdan yuxarı ödənişimiz vardır. Bu proses davamlıdır, biz müxtəlif dövlət orqanlarına sorğular vermişik, cavablar gəldikdən sonra təsdiq olunan ödənişlərin məbləği daha da arta bilər.

- Fond subraqasiya qaydasında hansısa dövlət qurumlarından və təşkilatlardan vəsait geri cəlb edə bilirmi və bu vəsaitin həcmi nə qədərdir?

- Subroqasiya ilə bağlı artıq proseslər başlayıb və müraciətlər olunub. Düzdür, bildiyiniz kimi subroqasiya prosesi heç də rahat bir proses deyil və uzunmüddətlidir, çünki məhkəmə çəkişməsindən keçəcək. Təbii ki, subroqasiya ilə geri ödənişlər alındığı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

- Heyvanların sığortalanması məsələsində pasportlaşma ilə bağlı problemlər vardı, hazırda vəziyyət necədir?

- Hazırda, birkası olan və elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçən heyvanlar sığortalana bilər. Yəni, bugün bizim də istəyimiz ondan ibarətdir ki, ölkədə bütün heyvanların birkalanması aparılsın.

- Ümumiyyətlə, bu ilin doqquz ayı üzrə müraciət nə qədər olub və onun nə qədərinə imtina verilib və zəhmət olmasa, imtinanın əsas səbəblərini də qeyd edin...

- Təklif edirəm ki, statistik məlumatları yenə ilin sonuna saxlayaq. Mən qeyd elədim ki,  bizim ikinci qiymətləndirməmiz yığımdan sonra təsdiq olunmalıdır. Bu günlərdə o proses yekunlaşmadığına görə son nəticəni deyə bilmirik. Biz onlara münasibətdə deyə bilərik ki, artıq təsdiqini tapmış dörd milyondan yuxarı ödənişimiz var. Ola bilər ki, əlavə təsdiqini tapanlar olacaq, bu rəqəm daha da artacaq. Mən keçənilki təcrübəyə istinadla deyə bilərəm ki, 75 müraciət olub və onların 75 faizinə ödənişlər həyata keçirilib, 25 faizinə imtina edilib. 25 faiz imtinaların səbəbi sığorta hadisəsinə düşməyən kateqoriyalar üzrə müraciətlərdir və yaxud da adam aqrotexniki qulluq eləməyib, texniki tədbirləri həyata keçirməyib və müraciət edir ki, mən də ödəniş almaq istəyirəm. Bu da qeyrimümkündür.

- Ən böyük ödənişinizin həcmi nə qədər olub və hansı şirkətdir?

- 2023cü ildə bizim böyük ödənişlərimiz olacaq, keçən il isə bizim kifayət qədər böyük ödənişlərimiz oldu. Məsələn, Şəkinin Turan qəsəbəsində böyük ödənişlərimiz baş verdi. Ən böyük zərərlər isə buğda, arpa və pambıq sahələrində qeydə alınıb. Hazırda 41 bitki üzrə biz təminat vermək iqtidarındayıq və bunlardan artıq 32 bitki üzrə sığortalanma prosesi həyata keçirilir.

- Hesablamısınızmı ümumi potensial nə qədərdir və aqrar sığorta bu potensialın hansı hissəni əhatə edir?

- Fərqli indikatorlardan baxa bilərik. Məsələn, ölkə üzrə 1 600 000 hektar ərazi varsa, biz 500 min hektara yaxınını sığortalanmışıq. Bu indikator üzrə 30 faizə yaxınıq. Başqa nöqteyi nəzərdən baxaq, fərz edək ki, əgər bugün istehsal həcmi bitkiçilik üzrə 5,5 milyard manatdırsa, ölkə üzrə 500 milyon manatlıq istehsal həcmini sığortalamışıq, burada artıq indikator 10 faizə düşür.

- Kənd təsərrüfatı sektorunda subsidiya almaq üçün sığortalamaq mütləqdir. Aqrar sığortanı icbari adlandırmaq olarmı?

- Birmənalı şəkildə adlandırmaq olmaz. Subsidiyanın verilməsinin şərtlərindən aqrar sığorta sadəcə biridir. Fermerdən torpaq sənədini, şəxsiyyət vəsiqəsini istədikləri kimi sığorta şəhadətnaməsini də tələb edirlər. Bunun da səbəbi ondan ibarətdir ki, ölkə üçün ixrac potensialı yüksək olan bitkilər və eyni zamanda dövlətin ərzaq təhlükəsizliyinə xidmət edən bitkilər mövcuddur və bunların fasiləsizliyinin təmin olunması üzrə dövlətin dəstəyinin olması birmənalı şəkildə dövlətin hədəflərindədir. Bu nöqteyinəzərdən dövlət qorumalıdır ki, həmin bitkiçilik fəaliyyəti davamlı olsun. bu tələbdən irəli gələrək fermerlərimizi sığortalayırlar və deyərdik ki, pis deyil, fermerlərimiz bundan kifayət qədər xeyir görürlər.

- Belə xarici təcrübə var ki, fermer məhsulunu istədiyi qiymətə sata bilmirsə, dövlət onun zərərə düşməməsi üçün həmin fərqi sığorta edir.

- Ümumiyyətlə, beynəlxalq təcrübədə gəlirin qorunması deyilən bir sığorta təminatı mövcuddur və gəlir qorunması riskinin təminat altına alınmasının birinci şərti ondan ibarətdir ki, infrastruktur olmalıdır. Bu infrastruktur nədir? Qiymətləri müəyyən edən ölkə birjası fəaliyyət göstərməlidir. Birja qiymətləri və proqnozlar əsasında uyğun sığorta müqaviləsi bağlanılır. Sığorta müqaviləsi nəticəsində əgər qiymət düşürsə, ortadakı fərq ödənilir. Təbii ki, Aqrar Sığorta Fondu bu istiqamətdə də araşdırmalar həyata keçirilir və gələcək dövrlərdə bu infrastruktur ölkəmizdə yaradıldığı təqdirdə imkan olacaq ki, Aqrar Sığorta Fondu tərəfindən də bu təminat verilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)