“Əgər mənə nəsə olsa..” – Kreditin yükü kimə qalacaq?

Bəzən həyat bizə gözlənilməz suallar verir: “Əgər mənə nəsə olsa, sevdiklərim, ailəm nə edər?” Bu sual bəzilərinin ağlından bir anlıq keçsə də, bəziləri üçün gecə yuxusunu qaçıracaq qədər vacib olur. Bankdan kredit götürərək borcalanlar və ona zamin duranlar kimi. Amma onların arasında da rahat, güvənli yaşayanlar var, çünki həm özü, həm də ailəsi üçün daha etibarlı bir yol seçiblər.
Özlərinin dilindən çatdırırıq, bu hansı yoldur:
A.V: “10 min kredit götürmüşəm. Əslində, ətrafımda zamin ola biləcək insanlar da var idi – ailə üzvlərim və yaxın dostlarım. Mənim üçün bu onlara maddi riskin ötürülməsi deməkdir. Bu məsuliyyəti kiməsə yükləmək istəmədim – çünki sabah başıma bir iş gəlsə, həmin insanın mənim borcumu ödəməsi mənəvi baxımdan düzgün olmaz.
Bank əməkdaşı mənə sığorta seçimini izah edəndə, başa düşdüm ki, bu variant daha sərfəlidir. Əgər həyatımda hər hansı gözlənilməz hadisə baş versə, kredit borcum ailəmin üzərinə keçməyəcək, sığorta şirkəti ödəyəcək.
Sığortanı almaq isə çox sadədir. Əlavə hər hansı sənəd tələb olunmur. Bəzi qeydlər üçün ərizə təqdim olunur və bütün proses bir neçə dəqiqəyə yekunlaşır. Sığorta haqqı, kredit məbləğindən və müştərinin yaşından asılı olaraq hesablanır. Məsələn, 30 yaşım var, 10 000 manat kredit üzrə sığorta haqqı 20 manat oldu. Həyatı sığortalı olmaq doğrusu, çox rahatladıcı bir hissdir. İndi özümü daha güvənli və məsuliyyətli hiss edirəm”.
E.A: “Bir planım üçün 50 min manat kredit lazım idi. 5 illik müddətə götürmək istəyirdim. Bank müraciətimə müsbət qərar verdi. Krediti rəsmiləşdirəndə bank əməkdaşı həyat sığortasından danışdı. Bir neçə sığorta şirkətinin təklifini təqdim etdi. Mənə sərfəli gələni seçdim. Çox qısa müddətdə kreditim rəsmiləşdirildi. Bu məbləğ üçün 400 manata yaxın sığorta haqqı ödədim. Götürdüyüm kreditin müqabilində, sığorta haqqı da mənə məqbul gəldi. Düzdür, mən gəncəm, 32 yaşındayam, sağlıq durumum yerindədir, stabil iş yerim, yüksək əmək haqqım var, amma bununla belə sığortalı kreditin ən yaxşı seçim olduğunu düşünürəm. Xüsəsən də, yüksək məbləğdə və uzun müddətə kredit götürürsənsə, krediti sığortalamaq gələcəyə təminat, gecələri rahat yatmaq deməkdir”.
E.Ş: “Banka kredit götürməyə gəlmişdim. Kredit verən oğlan dedi ki, dayı, istəyirsən kreditini sığortalayaq. Mən də dedim üç illik kredit götürürəm, bir-iki ilə pensiyaya çıxacam. Yaşlı adamam, sığortaladım ki, ürəyim arxayın olsun. Düzdür, sığorta haqqı bir az aşağı olsa, daha yaxşı olardı, amma yenə də peşman deyiləm. 2000 manatlıq kreditə görə 64 manat sığorta haqqı ödədim”.
G.M: “Mən 15 il olar ki, bank müştərisiyəm. Həmişə də vaxtlı-vaxtında ödəmişəm. Xoşum gəlmir, bankdan mənə, ya hansısa qohumuma zəng etsinlər ki, krediti ödə. Keçən ay bankdan 13 000 kredit götürdüm. Əməkdaş dedi ki, istəyirsiniz sığorta edək, şərtləri izah etdi, aşağı-yuxarı eynidir. Mən də fikirləşdim ki, sığortalayım. Arxayın olaram ki, sabah ciddi problem olsa, kreditimi oğlum ödəməsin, ona yük olmasın. 13 000 manat, 3 illik kreditə görə 70 manata yaxın sığorta haqqı ödədim. Heç bir əlavə sənəd istəmədilər. Bank sənədlərindən əlavə bir pis xəstəliyimin olmadığına dair kağız imzaladım, bir də sığorta ilə bağlı müqavilə, vəssalam”.
Sığorta alan bu şəxslərin fikirlərindən sonra bu sahədə statistikanı vermək yerinə düşər. Azərbaycan Sığortaçılar Assosiasiyasından əldə etdiyimiz məlumata görə son göstəricilər belədir:
Müddət |
Yığım, manatla |
Ödəniş, manatla |
Ödənişin yığıma nisbəti |
31.07.2024 – 31.12.2024 |
3.972.130,43 |
178.741,41 |
4,5% |
01.01.2025 – 31.05.2025 |
2.592.757,41 |
215.656,97 |
8,3% |
Beləliklə, ötən ilin beş ayında yığımlar 4 milyon manata, ödənişlər isə 179 min manata yaxın olub. Qeyd etmək yerinə düşər ki, kredit götürən şəxslərin həyat sığortası ilə bağlı qaydaların real tətbiqinə 2024-cü ilin avqustunda başlanılıb. Beləliklə, bizim 5 aylar üzrə ötənilki və builki statistikaları qarşılaşdırmaq imkanımız yaranır və cədvəldən də gördüyünüz kimi, ödənişin yığıma nisbəti ciddi şəkildə artır. Buna səbəb nədir və kredit həyat sığortası haqqında nələri bilməkdə fayda var, diqqətinizə çatdırırıq.
Yaxşı haldır ki, Azərbaycan istehlakçısı sığortanı almağa həvəs göstərməyə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının eksperti Şəhriyar Məcidovun bu barədə fikirləri belədir:
“Əslində müəyyən banklar var ki, kəskin də olmasa, yarı-kəskin formada bunu tələb edirlər. Çünki bank da müştəri ilə yanaşı öz riskini sığortalayır. Məlumdur ki, banklar ya girovla, ya da zaminlə kredit verirlər. Amma kredit həyat sığortası imkan verir ki, hadisə baş verdikdə borc zaminə yönəlməsin, vəfat edən şəxsin girovu satışa çıxarılıb uzun-uzadı proseduralar aparılmasın”.
Amma ilk növbədə kredit həyat sığortasında tətbiq edilən yeni qaydalar daha çox vətəndaşların mənafeyinə, maddi rifahının artırılmasına xidmət edir. Necə? - maraqlıdırsa, oxumağa davam edin.
Ş.Məcidov hesab edir ki, həyat sığortasını özümüz tələb etməliyik. 10 min manat kreditə görə, 35 yaşında şəxs bir illik 15-20 manat sığorta haqqı verirsə, bu o deməkdir ki, o tək özünü yox, evdəki iki uşağını və həyat yoldaşını da sığortalamış olur. Sabah sığorta hadisəsi baş verəndə həyat sığortasından faydanı onun ailəsi görəcək, maddi yükdən azad olacaq. Həmin 20 manatı adambaşına böləndə illik 5 manat düşür. Düşünək, ildə boş yerə nə qədər 5 manatlar xərcləyirik?!
Şəhriyar Məcidovun sözlərinə görə, 2024-cü ilin avqustundan bəri bankdan istehlak krediti götürənlərin sığorta hadisələri artıq özünü göstərməyə başlayıb və ilin sonuna qədər ödənişdə artım kifayət qədər yüksək olacaq. İndiyə qədər ödənişlərin əksəriyyətinə əsas verən hal isə borclunun həyatını itirməsi olub, əlillik alanların sayı isə çox azdır.
Hazırda kredit götürərkən həyatını sığortalayanların orta yaş həddi isə “35+”dir, ən cavanı 2002-ci il təvəllüddür, nadir hallarda 55 yaşdan sonra da sığortaya müraciət edən olur. Gənclər üçün sığorta haqqı daha azdır, yaş artdıqca sığorta haqqı da artır. Bu onunla bağlıdır ki, yaşlı insanların ölüm, əlil olma riski daha çoxdur.
Ümumilikdə sığortanın məbləğinə təsir edən məqamlara kreditin müddəti, sığorta olunanın yaşı, kreditin məbləği və faizi təsir edir. Hətta bir manat da, bir neçə yüz manat da sığorta haqqı ödəyən ola bilər, təbii ki bu, kredit şərtlərindən asılı olaraq dəyişir.
Sığorta edən şirkəti müştəri özü seçir və hazırda Azərbaycanda bu xidməti göstərmək hüququna malik olan 5 sığorta şirkəti bunlardır: PAŞA Həyat Sığorta, QALA Həyat Sığorta, Atəşgah Həyat Sığorta, MEQA Həyat Sığorta, Xalq Həyat Sığorta. Və yazının əvvəlində müştərilərdən birinin dediyi kimi, şərtlər aşağı-yuxarı eynidir, seçimi də özünüz edirsiniz.
Sığorta müqaviləsi 18-65 yaş aralığında olan şəxslər arasında bağlanılır. Yaşınız 65-dən yuxarıdırsa və kredit həyat sığortası istəyirsinizsə, buna sığorta şirkətləri fərdi qaydada yanaşırlar və bu zaman sığorta haqqı daha yüksək ola bilər. Daha bir nüans: sığorta məbləği kredit məbləğinə bərabər olmalıdır. Yəni adam sığorta götürüb iki gündən sonra həyatını itiribsə, sığorta onun kredit borcunu tam ödəməlidir. Amma bəzən vətəndaş vəfat edir, ailəsinin başı qarışıq olur və banka məlumat verə bilmirlər. Nəticədə gecikməyə görə kreditə əlavə faiz hesablanır. Ona görə də tənzimləyici qismində çıxış edən Azərbaycan Mərkəzi Bankı yeni qaydalarla sığorta məbləğinin həcmini qalıq borc məbləğinin 110%-i həcmində müəyyən edib. Yəni, kreditə görə gecikmə olubsa, onu da sığorta şirkəti qarşılayır.
Hələ ki kredit həyat sığortası istehlak məqsədli nağd kreditlərə verilir, kredit kartları ilə götürülən kreditlərə isə şamil edilmir. Gələcəkdə olması daha yaxşı olardımı, birmənalı deyək ki, əlbəttə.
Sığorta haqqını bank kredit məbləği verərkən ilk dəfədən götürür. Gələcəkdə hissə-hissə ödənişi də nəzərdə tutulur. Yəni, aybaay kredit ödənişi ilə həyata keçirmək mümkün olacaq.
Əgər krediti götürdüyünüz müddətdən daha tez qaytarsanız, qalan müddətə görə hesablanmış sığorta məbləği sizə geri qaytarılır.
Kredit həyat sığortası hadisəsi nəticəsində xəstəlikdən həyatını itirən olursa, xəstəlik tarixindən çıxarış (epikriz) tələb edilmir.
Sığortaçı sənədlərdən sonuncusunu aldığı tarixdən yeddi iş günü müddətində sığorta ödənişini verir.
Hadisə zamanı əlillik müəyyən olunursa, əlillik dərəcəsində qeyd edilən faizə uyğun şəkildə banka olan kredit borcunu sığorta şirkəti ödəyir.
Ümumilikdə Azərbaycanda 3 milyona yaxın insanın istehlak krediti var və onların borclarının həcmi 9 milyard manata yaxındır. Bu şəxslərin 95 faizi isə həyat riskləri üzrə sığorta təminatına malik deyil.
Etiraf edək ki, mental olaraq şərqli olan azərbaycanlılar sığortanı sevərək seçmirlər. “Mənə düşər-düşməzi olar, sığorta alaram, ölərəm. Bunlar, təbii ki, miflərdir. Və ya çox rastlaşdığımız “Mən öləndən sonra pulu neynirəm” ifadəsi kimi.
Təbii ki, sığorta ölən şəxsə verilmir ki! Sənin ailənin, vərəsənin maddi krizislə, maddi problemlə üzləşməməsi üçün banka olan borcunu sığorta şirkəti ödəyir. Amma uzun müddətdir ki, Azərbaycanda tətbiq edilən həyat sığortasına olan müraciətin sayını digər alətlərlə müqayisə etsək görünən odur ki, bizimkilər faktiki olaraq malına, mülkünə canından çox dəyər verir. Məsələn, şəhərə çıxaq əlimizdə həm avtomobilin KASKO sığortası, həm də həyat sığortası olsun və deyək ki, havayıdır, seçin. Əmin olun ki, hamı avtomobil sığortasını götürəcək.
Halbuki, həyat sığortasından danışanda hamımız razılaşırıq ki, yaxşıdır, lazımlıdır, amma psixoloji olaraq hazır deyilik, məsələn avropalı kimi. Ona görə də mifləri, qara-qara fikirləri kənara atıb, daha çox müsbətə köklənmək lazımdır.
Yarızarafat qeyd edək ki, sığortanı alsanız, sizin canınızın sağ olmasını ən çox sığorta şirkəti istəyəcək ki, pulu cibində qalsın. Psixoloji rahatlıq axtaranlar buna köklənsə, daha yaxşı olar.
Başqa sözlə, borc almaq asan olsa da, onu təhlükəsiz şəkildə idarə etmək üçün düşünülmüş addımlar atmaq vacibdir. Həyat gözlənilməzdir — hər birimiz sabah nələrin baş verəcəyini bilmirik. Məhz buna görə də, özümüzü və sevdiklərimizi qorumağın yollarını vaxtında axtarmalıyıq. İstehlak krediti götürərkən sadəcə bu günü deyil, sabahı da düşünmək, həyat risklərinə qarşı sığortalanmaq həm maddi, həm də mənəvi rahatlıq gətirə bilər. Özünüzü bu rahatlıqdan məhrum etməyin!
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb