Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.
Bu haqda “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Danışıqlar sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir. “The Washington Post” eyni zamanda görüşdə ölkələr arasında sülh sazişinin elan oluna biləcəyini də istisna etməyib.
Bununla yanaşı, sosial şəbəkələrdə D.Trampın cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşünün proqramı yayılıb.
Proqrama əsasən, Tramp ABŞ vaxtı ilə 14:30-da (Bakı vaxtı ilə 22:30) N.Paşinyanla, 15:20-də (Bakı vaxtı ilə 23:20) isə Prezident İlham Əliyevlə görüş keçirəcək.
Həmin gün Bakı vaxtı ilə gecə yarısı isə üç liderin birgə bəyənat verəcəyi gözlənilir.