Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu blokladı

Bu ilin yanvar–iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə ümumilikdə 7 milyon 455 min 124 elektron poçt emal olunub.
Qurumdan verilən məlumata görə onlardan 6 milyon 103 min 281-i təhlükəsiz hesab edilərək istifadəçilərə çatdırılıb, 1 milyon 351 min 843-ü isə zərərli tərkibli olduğu üçün bloklanıb.
Eyni dövrdə ümumilikdə 573 kiberhücum indikatoru müəyyən edilib. Bu indikatorların bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) tipli kiberhücumların qarşısı alınıb.
Qeyd edək ki, müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.