Bank

Ərzağın və xidmətlərin bahalaşmasının yaratdığı "inflyasiya şilləsi"

Ukrayna-Rusiya münaqişəsindən əvvəl dünya ərzaq bazarındakı qlobal qiymət artımı iqtisadiyyatda ciddi təhlükələr yaradıb. Mütəxəssislərin fikrincə, pandemiya ilə bağlı iki illik məhdudiyyətlərdən sonra dünya iqtisadiyyatlarında istehlak tələbi aktiv şəkildə artır və bu da inflyasiyanı artırır. 

Beynəlxalq Valyuta Fondunun (BVF) son araşdırmasına görə, 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsi və onun nəticələri, xüsusən də daşıma xərclərinin kəskin artması səbəbindən qlobal inflyasiya 1,5% artacaq. Baxmayaraq ki, pandemiya səbəbindən dünyanın transokean ticarət marşrutları üzrə konteynerlərin çatdırılması 2020-ci ilin martından sonrakı 18 ay ərzində artıq 7 dəfə, toplu yüklər isə daha çox bahalaşıb.

ABŞ-da istehlak qiymətlərinin artımı 7% (əvvəllər proqnozlaşdırılan 4,5%), Avro zonasında 5% (2,6%), Böyük Britaniyada 6,6% (4,5%) gözlənilir.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da fevral ayında inflyasiya 7,9%-ə yüksəlib. Bu, 1982-ci ildən bəri ən yüksək göstəricidir. Oxşar vəziyyət Avropada da müşahidə olunur. Ötən ay avrozonanın 19 ölkəsində illik inflyasiya 5,9%-ə çatıb. Bu, Eurostat müşahidələrinin bütün tarixində (1997-ci ildən) rekord göstəricidir. Qeyd edək ki, bir il əvvəl Avrozonada inflyasiya illik cəmi 0,9% təşkil edirdi. Aİ-nin 27 ölkəsində fevralda illik qiymət artımı 6,2%-ə çatıb.

İnflyasiyanın sürətlənməsinin əsas amillərindən biri fevralda enerji qiymətlərinin illik müqayisədə 31,7% artması göstərilir. Son bir ildə təbii qazın qiyməti təxminən altı dəfə artıb ki, bu da avtomatik olaraq maya dəyərinin 80 faizini “mavi yanacağın” təşkil etdiyi azot gübrələrinin qiymətinin artmasına səbəb olub. Görünən odur ki, 2020-ci ilin əvvəlindən gübrə qiymətləri 4 dəfə artıb. Bu proses bütün digər gübrələrin qiymətində də müşahidə olunur.

Hesabat dövründə fosfor və kalium gübrələrinin qiyməti 3 dəfə artıb ki, bu da təbii olaraq kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir göstərir. Nəticədə ötən il dünya bazarında ərzaq məhsullarının qiymətləri orta hesabla 28% artıb. Həmçinin buğdanın qiyməti 31,3%, qarğıdalının qiyməti 44,1%, bitki yağı 65,8%, şəkərin qiyməti 37,5% bahalaşıb. 

Proses hələ də davam edir və vəziyyətin daha da pisləşəcəyi ehtimalı var.

Beləliklə, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesab edir ki, Rusiya və Ukrayna arasında münaqişə nəticəsində yaranan qlobal təchizat çatışmazlığı dünya ərzaq və yem qiymətlərinin artıq artan baza ilə müqayisədə 8-22% artmasına səbəb ola bilər. 

Xatırladaq ki, hərbi əməliyyatlar səbəbindən Ukraynanın bütün limanlarında kommersiya daşımaları dayandırılıb. ABŞ Dövlət Departamentinin sözçüsü Vendi Şermanın sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələri dünya bazarı üçün nəzərdə tutulan qida məhsulları olan 94 Ukrayna gəmisini Aralıq dənizinə buraxmır. Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı sanksiyalara məruz qalmasa da, beynəlxalq sığorta şirkətlərinin tətbiq etdiyi məhdudiyyətlərə görə onları xaricə göndərə bilmir.

Bu gün Yaxın Şərqdə və Afrikada ərzaq məhsullarının qiyməti kəskin artıb. Bu bölgəyə Ukraynadan buğda, qarğıdalı və günəbaxan yağı ixracı 40%, Rusiyadan isə 70% təşkil edib. Alternativ mənbələr getdikcə bahalaşdıqca aclığın xüsusilə üçüncü dünya ölkələrində acınacaqlı həddə çatacağını bəyan edirlər. Ukraynada müharibə, deyək ki, sabah başa çatsa belə, bazar ehtiyacının qısa müddətdə dolması ehtimalı azdır. Bu, inflyasiyanın daha da sürətlənəcəyi deməkdir.

Pul siyasətində ənənəvi olaraq konservativ yanaşma göstərən Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə 0,25 faiz bəndi artıraraq 7,75%-ə çatdırıb və bu addımını “yüksək xarici geosiyasi və iqtisadi siyasət şəraitində inflyasiyanın proqnozlaşdırılmasında yaranan geoiqtisadi risklərlə əsaslandırıb”.

"Fevralın sonundan başlayaraq əmtəə birjalarında kəskin qiymət artımı müşahidə olunub ki, bu da Azərbaycanın əsas tərəfdaş ölkələrində inflyasiya meyllərinin artmasına səbəb olur", -  deyən AMB açıqlamasında pul siyasətinin sərtləşdirəcəyini istisna etmir. 

Azərbaycanda ev təsərrüfatları arasında aparılan sorğuya əsasən, onların 24%-dən çoxu ölkədə inflyasiyanın sürətlənəcəyini gözləyir. Son məlumatlara görə, 2022-ci ilin fevral ayında Azərbaycanda inflyasiya 1,1% təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə qiymətlər idxal inflyasiyasının təsiri ilə 11,9% artıb.

“FAO-nun hesablamalarına görə, keçən il dünyada ərzaq qiymətləri 23% bahalaşıb. Azərbaycanda da ərzaq məhsulları bahalaşıb. 2021-ci ildə ümumi inflyasiyanın 60%-i ərzaq inflyasiyasının payına düşüb”.

Bunu Baş Nazir Əli Əsədov Milli Məclisin plenar iclasında hökumətin 2021-ci ildə fəaliyyəti ilə bağlı hesabatı ilə çıxış edərkən deyib. 

Eyni zamanda, məlumdur ki, Azərbaycanın əsas ixrac mallarının, yəni neft və qazın bahalaşması manatın sabitliyini təmin edir və manatın məzənnəsinin "təyinat"ında riskləri azaldır. Üstəlik Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutanın əhəmiyyətli dərəcədə ucuzlaşması oradan Azərbaycana idxal məhsullarının qiymətinə təsir edir və bu da dolayısı inflyasiyasının yığılmasına imkan yaradır. 

Lakin beynəlxalq analitiklər inflyasiyanın və xüsusən də ərzaq məhsullarının qiymətindəki bahalaşmanın hələ bir müddət davam edəcəyini bildirirlər. 

Nəticədə qiymət artımı fonunda yaranan əsas problem insanların, xüsusən də orta gəlirli əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Axı, işəgötürənlər inflyasiya səviyyəsinə nisbətən əmək haqqının ölçüsünü tənzimləməyə həmişə hazır deyillər. Nə baş verir? Nətyicədə insanlar artıq əvvəlki həcmdə ala bilmirlər, demək istehsal şirkətlərinin də əvəlki qədər istehsal etməsinə ehtiyac qalmır. 

"ENA" Ekspert Qrupu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)