Axtar

Dövlət Neft Fondu qızıl alışını dayandırıb - RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci il üçün investisiya portfelində qiymətli metalların alınması və ya qiymətli kağızlarla bağlı portfeli üzrə nisbəti necə görür? Prioritet istiqamətlərdə dəyişiklik gözlənilirmi? 

ENA.az-ın bununla bağlı sualını cavablandıran qurumun İctimaiyyətlə Əlaqələr Departamenti bildirib ki, ARDNF-nin investisiya siyasətinə əsasən qızıl altportfelinin çəkisi yuxarı uzaqlaşma intervalı 3% olmaqla investisiya portfelinin məcmu dəyərinin 10%-ni (yəni maksimum 13%) təşkil edə bilər. 2020-ci il ərzində dünya bazarında qızılın qiymətinin kəskin yüksəlməsi ARDNF-nin investisiya portfelində qızıl vəsaitlərinin xüsusi çəkisindəki payının artması ilə nəticələnib.

Qızıl ehtiyatlarının maksimumuna yenidən baxıla bilər

Fond bu səbəbdən də ilin sonuna kimi əlavə qızıl alışlarını müvəqqəti olaraq dayandırıb. "Eyni zamanda, qızılın ARDNF-nin investisiya portfelində strateji məqsədlərə xidmət etməsini, habelə qızılın alınma və saxlanılma formasını nəzərə alaraq növbəti ilin İnvestisiya siyasətində qızıl altportfelinin çəkisi yenidən nəzərdən keçirilə bilər", - deyə açıqlamada qeyd olunur. Başqa sözlə, qızıl altportfelinin çəkisi gələn il artırıla bilər.  

 

 

Gözləmə mövqeyindəyik

ARDNF-də hesab edirlər ki, prioritet istiqamətlərə gəldikdə isə, məlum olduğu kimi, ARDNF-nin müxtəlif aktivlər üzrə İnvestisiya siyasəti və Qaydalarına uyğun olaraq hazırlanmış investisiya strategiyası mövcuddur və müvafiq yatırımlar da məhz bu  strategiya çərçivəsində həyata keçirilir.  Cari il ərzində sabit gəlirli qiymətli kağızlar alt-portfeli üzrə daha az bazar riskinə malik istiqrazların payının yüksəldilməsi hədəflənmişdi və ilin əvvəlindən başlayaraq bu istiqamətdə müvafiq yatırımlar edilir. 2020-ci il ərzində mövcud bazar konyukturasını nəzərə alaraq, ötən il olduğu kimi Fond birjada kotirovka olunan səhm investisiyaları üzrə hər hansı yeni yatırımlar həyata keçirməmişdir. Səhmlərə investisiya qoyan pay fondları (özəl səhmlər) üzrə isə ilin birinci yarısında nəzərdə tutulmuş investisiya strategiyası çərçivəsində dərin bazar şəraiti ciddi təhlil olunaraq müvafiq fondlara yatırımlar həyata keçirilmişdir. Daşınmaz əmlak alt-portfeli üzrə də il ərzində yeni yatırımlarla bağlı müvəqqəti olaraq gözləmə mövqeyi seçilmişdir. ​

Hal-hazırda dünya iqtisadiyyatında və qlobal maliyyə bazarlarında baş verən proseslər ARDNF tərəfindən ciddi şəkildə izlənilir və yalnız uyğun bazar mühiti müşahidə edildikdən sonra yuxarıda qeyd edilən maliyyə aktivləri üzrə yeni investisiya imkanları nəzərdən keçirilə bilər.

 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33