"PashaPay" "Mastercard"la anlaşma memorandumu imzaladı

Azərbaycanın aparıcı fintex şirkətlərindən olan "PashaPay", rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider "Mastercard" ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Memorandumun imzalanması iyunun 3-də dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan "Money 20/20 Europe" zamanı Amsterdamda baş tutub.
Bu strateji əməkdaşlıq "Mastercard" və "PashaPay" arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:
- Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;
- Mastercard və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
- Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;
- Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.
"PashaPay"in baş icraçı direktoru Samir Məmmədov bildirib: “Mastercard" ilə tərəfdaşlıq, "PashaPay"in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də əhatə edir. Bu Anlaşma Memorandumunun məhz "Money 20/20 Europe" tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş etdirir”.
"Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal deyib: “Bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal sinerjisini təmsil edir. Biz sadəcə yeni ödəniş məhsulu təqdim etmirik – biz Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq. Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək etməkdir.”
Bu Anlaşma Memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.