Qeyri-Bank

Dövlət fondlarının gəlirləri büdcədən maliyyələşən əməkhaqqından asılıdır

"Müstəqillik əldə edildikdən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1 milyard 839 milyon manat olmaqla ötən ilə təsadüf edir. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri qeyd edib ki, son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əmək haqqı xərcləri büdcə xərclərinin ümumi artım tempinə uyğun gəlib:

"Qeyd edək ki, dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına birbaşa ayırmalar ilə yanaşı, əməkhaqqı həcmi də bu fondların gəlirlərinə təsir edir. Belə ki, dövlət büdcəsində əməkhaqqı həcminin artması büdcədə gəlir vergisi üzrə daxilolmaları artırmaqla bərabər, DSMF, İTSF, İSF kimi 3 sosial xarakterli büdcədənkənar dövlət fonduna ödənilən məbləğin də artımına səbəb olub. Yəni əməkhaqqı artımı sosial rifah göstəricisi olmaqla yanaşı, həm də sosial xarakterli büdcədənkənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir."

V.Gülməmmədovun sözlərinə görə, 2024-cü ildə bu 3 fonda dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqları hesabına 1895,2 mln. manat (1717,6 DSMF, 151,4 İTSF, 26,2 İSF) vəsait yönəldilib. Bu isə dövlət fondlarının (DSMF üzrə 24,5%; İTSF üzrə 6,8%; İSF üzrə 9,0%) gəlirlərinin büdcə sektorundakı əməkhaqqı səviyyəsindən asılılığını göstərir. Yəni büdcə sektorunda əməkhaqqı üzrə artım sosial fondlara töhfə verir. Əməkhaqqı xərcləri sadəcə sosial göstərici deyil, həm də dövlət maliyyəsinin mühüm balanslaşdırıcı komponentidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)