Qeyri-Bank

Dövlət büdcəsinə 20 mlrd. manat yaxın daxilolma var

2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 17 milyard 275,9 milyon manat proqnoza qarşı 17 milyard 95,6 milyon manat və ya 99 faiz səviyyəsində yerinə yetirilib.

Beləliklə, 6 ayda büdcədə 2 milyard 708,3 milyon manat profisit yaranıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır.

Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Xatırladaq ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 407.6 milyon manat proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)