Neft Fondu investisiya portfelində dolların payını kəskin artırıb
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 41 339,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1 983,6 milyon ABŞ dolları və yaxud 4,6% azdır.
ENA.az bu barədə Fonda istinadən xəbər verir.
Hesabat tarixinə ARDNF-in investisiyalarının 66%-i ABŞ dollarında yerləşdirilib. Bu, rüblük müqayisədə 9,4 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 31,4%-dən 22,9%-ə, ingilis funt sterlinqinin payını isə 5,1%-dən 4,8%-ə endirib.
Martın sonuna portfeldə Avstraliya dollarının payı 0,5% (0,1 faiz bəndi az), türk lirəsinin payı 0,8% (sabit), rus rublunun payı 0,5% (0,3 faiz bəndi az), Koreya vonunun payı 0,5% (sabit), Çin yuanının payı 1,2% (sabit), yapon yeninin payı 1,5% (sabit), digər xarici valyutaların payı isə 1,3% (0,2 faiz bəndi az) təşkil edib.
Rüb ərzində ARDNF-in istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiyalarının xüsusi çəkisi dəyişməyərək 68,7% qalıb. Əvəzində Fond investisiya portfelində səhmlərin payını 14,1%-dən 12,4%-ə, daşınmaz əmlakın payını 5,8%-dən 6,1%-ə, qızılın payını isə 11,4%-dən 12,8%-ə dəyişib.
Aprelin 1-nə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 58%-i AAA reytinqli olub. Bu, ilin əvvəlinə nisbətən 15,2 faiz bəndi çoxdur. Əvəzində Fond AA reytinqi alətlərin xüsusi çəkisini 16,3%-dən 12%-ə, A reytinqi alətlərin xüsusi çəkisini 29%-dən 19,2%-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 10,5%-dən 9,4%-ə endirib, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə dəyişməyərək 1,4% saxlayıb.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 37,8%-i 1 ilə qədər, 29%-i 1 ildən 3 ilə qədər, 20,3%-i 3 ildən 5 ilə qədər, 12,9%-i isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 3 ay bundan əvvəl müvafiq olaraq 34%, 35,6%, 21,7% və 8,7% təşkil edib.
Martın sonuna Fondun investisiyalarında Avropa ölkələrinin payı 33,2%, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 33,1% təşkil edib. Bu rəqəmlər ötən ilin sonuna müvafiq olaraq 33,8% və 33,4% olub. Digər regionlardan Şimali Amerikanın payı 24,9%-dən 27,2%-ə, Avstraliya və Yeni Zelandiyanın payı 2%-dən 1,1%-ə dəyişib, beynəlxalq maliyyə təşkilatlarının, Yaxın Şərq və Cəbuni Amerika regionlarının payı isə demək olar ki, dəyişməyərək 4,7%, 0,7% və 0,1% qalıb.
Rüb ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,2%-dən 63,9%-ə qalxıb, inkişaf etməkdə olan ölkələrin payı isə 32%-dən 31,4%-ə düşüb, beynəlxalq qurumların payı isə bir qədər əvvəl deyildiyi kimi dəyişməyərək 4,7% qalıb.