MALİYYƏ

ARDNF “First Abu Dhabi Bank”da qısamüddətli depozit yerləşdirib

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinə məxsus “First Abu Dhabi Bank”da 340,34 milyon manat məbləğində qısamüddətli depozit yatırıb.

Bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verilir.

Sənədə əsasən, ötən il qurumun Yaponiyanın “Mizuho Bank”ına yatırdığı qısamüddətli depozitin məbləği isə əvvəlki illə müqayisədə 19,9 % çox - 2,04 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in müddətli depozitlərinin məbləği ötən il yanvarın 1-nə nisbətən 162,65 dəfə az - 11,69 milyon manat təşkil edib. Kəskin azalma Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 893,143 milyon məbləğində depozitin müddətinin başa çatması ilə bağlıdır. 2024-cü ilin sonuna depozit məbləğinin 512 min manatını yığılmış faizlər təşkil edib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)