Sığorta şirkətinin kapitalı, var-dövləti 30 milyon manatı keçmirsə…
Sığorta şirkətlərinin təkrarsığorta lisenziyalarından son imtina halları yeni bir sual yaradır. Ümumiyyətlə, bu sığorta növü şirkətlərin özlərinin (Günay Sığorta və İpək yolu Sığorta) dediyi kimi, lazımsızdırmı və ya niyə az istifadə olunur?
"Bİ" xəbər verir ki, sığorta bazarının tanınmış nümayəndələrindən biri olan Xəyal Məmmədxanlının sözlərinə görə, təkrarsığortanın üstünlüyü ondan ibarətdir ki, risklər bəzən kifayət qədər böyük olanda sığorta şirkəti onu götürə bilmir və yaxud götürmək istəmir, yəni, hər iki hal ola bilər. Azərbaycandakı sığorta şirkətlərində belədir ki, özünün məcmu kapitalının hesablanması düsturu var. Şirkət məcmu kapitalının 10% həcmində bir müqavilə üçün öz üzərində risk saxlaya bilər. Əgər risklər böyükdürsə, bu məbləği aşırsa, bu halda məcburi şəkildə onu başqa sığorta şirkətləri ilə və ya başqa təşkilatlarla bölüşdürməlidir.
Ona görə də bu riski Azərbaycan daxilində təkrarsığorta şirkətlərinə və yaxud digər təkrarsığorta lisenziyası olan sığorta şirkətlərinə ötürürlər. Və yaxud da ki, xarici sığorta şirkətləri ilə təkrarsığorta müqaviləsi bağlayırlar. Lakin burada bir məsələd də var ki, bu seçim tam sərbəst deyil.
“Azərbaycan sığorta şirkətləri Maliyyə Bazarlarına Nəzarət Palatasında xüsusi reystrdə olan xarici sığorta şirkətlərində təkrarsığorta edə bilərlər. Üstünlükdə ondan ibarətdir ki, risk tək sığorta şikətinin deyil, digər sığorta şirkətləri ilə bərabər bölüşdürülür. Sabahda hansısa hadisə baş verdəndə güc təkcə bir sığortaçının üzərinə düşmür. Eyni zamanda gəlirlərdə bərabər bölüşdürülür”.
Ümumiyyətlə, təkrarsığortanın olmaması isə mümkün olan bir şey deyil. Belə deyək ki, bir müştərinin 100 milyon manatlıq əmlakını sığorta şirkəti sığortalayır. Sabah bir hadisə baş verərsə, sığorta şirkəti o məbləği necə ödəyəcək ki, həmin sığorta şirkətinin ümumi kapitalı, var-dövləti heç 30 milyon manat etməyəcək.
“Ona görə sığorta şirkətləri məcburdur bunu etməyə. Kiçik əmlakları, avtomobilləri, səyahət sığortasın, tibbi sığortanı etməyə bilər. Amma nəhəng risklərdə təkrarsığorta qaçılmazdır. Əks halda, həmin risk bir sığorta şirkətini batıra bilər”.