Sığorta

İl ərzində 40-50 milyon manat pul yığan sonda niyə zərər açıqlayır? Xərclər necə "şişir"

Sığorta şirkətlərində keçirilən yoxlamalar artıq daimi xarakter almağa başlayıb və son yoxlamaların nəticələri ciddi müzakirə mövzusu açıb. Artıq bir neçə sığorta şirkətinə xəbərdarlıqlar edilib və Maliyyə Bazarlarına Nəzarət Palatası bu sektorda “daşları yerinə qoymağa” çalışır. Bəs, sığorta şirkətlərində aşkarlanan əsas qanun pozuntuları  nələrdir? 

"ENA.az" sektorla bağlı aldığı məlumatlara görə, sığorta şirkətləri xərclərini şişirdib, sığorta haqqlarını artırmağa çalışırlar. Başqa sözlə, sığorta şirkətləri xərclərini yüksək göstərməklə nəticədə şirkətin maliyyə hesabatını mənfəətlə deyil, zərərlə yekunlaşdırır, yekunda isə zərərlə işləməmək üçün sığorta haqqlarını artıra bilər. 

Ümumiyyətlə, sığorta şirkətlərində Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi yoxlama apara bilər.

Və xatırlayırsınızsa, bir ay əvvəl "AtaSığorta" və "Atəşgah Sığorta" şirkətlərində aşkarlanmış qanun pozuntuları ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası konkret tədbirlər gördü. Mətbuata açıqlanan rəsmi məlumatda Palata bu sığorta şirkətləri üzrə avtomobillərin icbari sığortası fəaliyyətini məhdudlaşdırdı. Nəzərə alsaq ki, sığorta şirkətlərinin əsas gəlir mənbəyi məhz avtomobilin icbari sığortasından toplanan vəsaitlərdən formalaşır, bu halda hər iki sığorta şirkətinin qarşılaşdığı vəziyyəti təxmin etmək çətin deyil və icbari sığorta üzrə agentlərini itirmək təhlükəsi bu şirkətləri əməlli-başlı sirkələdi. Yalnız qanun pozuntuları aradan qaldırılandan sonra bu qərarlar ləğv edildi və hazırda həm "AtaSığorta", həm də "Atəşgah Sığorta" bu məhsullar üzrə xidmətlərini bərpa edib.   

Çox maraqlı nüans odur ki, necə olur ki, sığorta şirkəti il ərzində 40-50 milyon manat pul yığsın amma sonda zərər açıqlasın. 

2018-ci ilin nəticələrinə görə, Azərbaycanda işləyən 20 sığorta şirkəti əldə etdiyi gəlirin 87,5%-ni xərcləyib. 2017-ci ildə isə bu nisbət 91,2% olub, yəni 2018-ci ildə xərclərin gəlirlərə nisbəti 3,7 faiz bəndi azalsa da, "Atasığorta", "Azərbaycan Sənaye Sığorta", "Standard Insurance" Sığorta Şirkəti və "Atəşgah Sığorta" ASC-lərdə bu nisbət 100%-dən çoxdur. Nəticədə onlar ötən ili zərərlə başa vurublar.

Sığorta sahəsində tanınmış ekspert Xəyal Məmmədxanlı hesab edir ki, bu rəqəmlər təbii ki real deyil. 

“Hər bir halda araşdırma aparmaq lazımdır. Maraqlısı ondan ibarətdir ki, bu zərərlilik sığorta növləri üzrə deyil, halbuki hər bir sığorta növünün zərərliyi var. Sığorta şirkətləri bilir ki, hər hansı sığorta növü zərərli olsa Palata tərəfindən həmin sığorta növünün lisenziyası dayandırıla bilər. Ona görə də sığorta növləri deyil, əməliyyat fəaliyyəti üzrə zərərliyi göstərirlər ki, guya şirkətin ümumi fəaliyyəti zərərlidir”. 

Başqa sözlə, sığorta şirkətləri göstərirlər ki, xərcləri həddən artıq çoxdur və yaxud  da xərcləri şişirdirlər. Bu zaman nə baş verir: yekunda şirkət zərər açıqlayır və dövlət büdcəsinə mənfəət vergisi də ödənmir. 

X.Məmmədxanlı deyir ki, əgər şirkətlər belə “proseslər” həyata keçirirlərsə onları cəzalandırmaq lazımdır və Palata öz rıçakları vasitəsilə bunu da edir.  

İndi keçək, sığorta şirkətlərinin xərcləri necə və niyə artırmaqlarına. Sığorta sektorunun içindən aldığımız məlumatlara görə, bəzi şirkətlər və elə yuxarıda adlarını çəkdiyimiz sığorta şirkətləri də “pin kodu” səhv vururlar, bir maşını bir neçə adamın adına sistemə daxil edirlər, nəticədə şirkətlərdə süni xərc yaradırlar. Agentlərə qanunla 15 faiz verilir, agent isə bununla razılaşmır və çox istəyir, əks halda müştəri bazasının digərinə daşıya bilər. Bundan ehtiyatlanan sığorta şirkəti əlavə 5 faiz və daha çox agent faizi ödəmək üçün yollar axtarır, əsassız xərc formalaşdırmağa başlayırlar, məsələn, guya marketinq şirkətinə vəsait köçürülür.

Başqa bir metod da var ki, agentə satışın stimullaşdırılmasına görə bonus verirlər. Guya agent reklam xidməti də göstərir, bu adla agentlərin hesabına əlavə faizlər köçürülür. Beləliklə, sığorta şirkəti aldığı hər 100 manat sığorta haqqının 40-50 manatını bu “adlarla” xərcləyir və nəticədə zərərlilik artır.

Bu maliyyə fırıldaqlarının 2019-cu ilin birinci rübündə yenə də işləyib-işləmədiyini isə sığorta şirkətlərinin açıqladığı hesabatlar göstərəcək. 

  
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department