"Avropa Bankı" bir ildə Azərbaycana 304 milyon avro kredit verib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanın dövlət və özəl sektorlarında layihələrin reallaşdırılmasına 304 mln. avro məbləğində kredit ayırıb.
"2018-ci ildə AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 5 layihənin reallaşdırılmasına 304 mln. avro məbləğində kredit ayırıb", - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
2017-ci ildə bank respublikada 9 layihənin maliyyələşdirilməsinə 456 mln. avro kredit ayırıb. Beləliklə, ötən il kreditləşmənin həcmi 33,3% azalıb.
31 dekabr 2018-ci il tarixinə bankın Azərbaycanda 45 aktiv layihə üzrə cari portfeli 1 mlrd. 415 mln. avro məbləğində qiymətləndirilir. Bu vəsaitlərin 50%-i energetika, 42%-i infrastruktur, 4,7%-i sənaye, kommersiya və aqrobiznes, 3,1%-i isə maliyyəyə yönəldilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 167 layihənin maliyyələşdirilməsinə 3,231 mlrd. avro ayırıb.