Maliyyə Monitorinqi Xidmətinin gəlirləri açıqlandı

Maliyyə Monitorinqi Xidməti (MMX) 2024-cü ilə 6 milyon 525 min manat gəlir əldə edib (1.5 dəfə artım). Ötən il bu göstərici 4 milyon 324 min manat olub. Bununla belə, ötən il qurumun xərcləri də elə bu qədər olub.
Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verilir.
Belə ki, xidmət insan resursları üzrə xərclərə 5 milyon 423 min manat, inzibati və digər xərclərə 570 min manat, amortizasiyaya 532 min manat yönəldib.
Maliyyə Monitorinqi Xidmətinin cəmi aktivləri bu il yanvarın 1-nə 11 milyon 979 min manat təşkil edib. 31 dekabr 2023-cü il tarixinə aktivləri 10 milyon 804 min manat olub ki, bu da illik müqayisədə 11% artım deməkdir. Bunun 6 milyon 302 min manatı uzunmüddətli, 5 milyon 677 min manatı isə qısamüddətli aktivlərdir.
Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun Nizamnaməsi və strukturu təsdiq edilib. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.